Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 13:51:00
AMEA-nın vitse-prezidenti ziyalılarımızı Azərbaycan reallıqlarını dünyaya çatdırmağa çağırıb  

Bütün Azərbaycan ziyalıları arxa cəbhənin əsgərləri kimi öz potensialından maksimum şəkildə istifadə etməli, xarici həmkarları ilə əlaqələr qurmalı, kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmalıdır.

 

AzEdu.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, İnfromasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.

 

"Biz məqsədyönlü informasiya siyasətinin tərkib hissəsi kimi bu işə öz töhfələrimizi verməliyik" deyən R.Əliquliyev qeyd edib ki, Prezident İlham Əliyevin uzun illər apardığı məqsədyönlü daxili və xarici siyasət, iqtisadi islahatlar, Azərbaycanın hərbi potensialı və müdafiə qüdrətinin gücləndirilməsi sahəsində əldə olunan nailiyyətlər bu gün işğal altında olan torpaqlarımızın addım-addım azad olunmasına gətirib çıxarır.

 

Akademik hazırda Qarabağ uğrunda gedən döyüşlərdə rəşadətli ordumuzun ard-ardınca mühüm qələbələr qazandığını, bütövlükdə ölkədə böyük ruh yüksəkliyinin müşahidə olunduğunu qeyd edib.

 

Alimin sözlərinə görə, ön cəbhədə əsgərlərimizin böyük əzmkarlığı ilə yanaşı, arxa cəbhədə də bütün Azərbaycan xalqı dövlət başçısının ətrafında bir yumruq kimi birləşərək vətən uğrunda əlindən gələni edir, qəhrəman ordumuza tam dəstəyini nümayiş etdirir.