https://www.zirve.edu.az/
22.09.2020 11:42
İctimai nəqliyyata qoyulan şənbə-bazar məhdudiyyəti götürüləcək? - AÇIQLAMA

COVID-19 virusu ilə bağlı Azərbaycanda tətbiq edilən sərt karantin rejiminin yumşaldılması ilə bir çox sahələrində fəaliyyət bərpa olunub. İctimai nəqliyyatadakı şənbə-bazar məhdudiyyəti isə hələ ki qalır. Bu məhdudiyyət şənbə günləri çalışan kommunal idarələrin əməkdaşları, bəzi dövlət müəssisələrinin işçiləri, həmçinin repetitor yanına gedən uşaqlar üçün əlavə problem yaradır.

Sosial şəbəkələrdə şənbə-bazar günləri üçün də qadağanın aradan qalxacağı ilə bağlı məlumatlar müzakirə edilir.

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a bildirib ki, şənbə-bazar günləri ictimai nəqliyyata tətbiq edilən məhdudiyyətin aradan qaldırılması epidemioloji vəziyyətdən asılıdır:

 

“Faktiki olaraq, etap-etap bütün məhdudiyyətləri aradan qaldırmışıq. Məhdudiyyətlər nəqliyyat sahəsini, həmçinin toy və yas mərasimlərini də əhatə edir. Biz oktyabr-noyabr aylarında sanitar-epidemioloji vəziyyəti müşahidə etdikdən sonra bu məhdudiyyətin aradan qaldırılması barədə qərar verə bilərik. Əgər qarşıdakı iki ay ərzində yoluxmada kəskin pisləşmə olmasa, şənbə-bazar günü ictimai nəqliyyata tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq mümkündür. Amma istisna deyil ki, oktyabr ayında vəziyyət pisləşərsə, biz yenidən sərt karantin rejiminə qayıda bilərik. Ona görə də bu məhdudiyyətlərin aradan qaldırılması tezdir. Elə etməliyik ki, əldə edilmiş nəticələr puç olmasın”.

 

Elə bu məsələyə cavab almaq üçün “Hazırda şənbə və bazar günlərində ictimai nəqliyyata tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması müzakirə edilirmi” sualı ilə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədova müraciət etdik. İ.Məmmədov Modern.az-a bildirdi ki, bu məsələ ilə bağlı hər hansı inforomasiyaya malik deyil:

“Bunu qərar veriləndə bilmək mümkündür. Əgər belə qərar olarsa, ictimaiyyət məlumatlandırılacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyuldan etibarən şənbə-bazar günləri ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb. Vətəndaşlar həmin günlərdə yalnız şəxsi avtomobildən və taksi xidmətindən istifadə edə bilirlər.