Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-20 09:44:00
MDU-da təqaüdə ayrılan iki qocaman müəllimlə görüş

Mingəçevir Dövlət Universitetində (MDU) iki qocaman müəllimin təqaüdə ayrılması münasibətilə tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, mövcud şərtlər nəzərə alınmaqla açıq hava şəraitində təşkil olunan tədbir MDU-nun mühəndislik fakultəsinin müəllimləri Əli Məmmədov və Mirzə Gumayevə həsr olunub.

 

MDU-dan bildirilib ki, ali məktəbin rektoru Şahin Bayramov uzunmüddətli əmək fəaliyyəti olan mütəxəssislərin zəngin təcrübəsindən faydalanmağın əhəmiyyətindən danışıb, hər iki pedaqoqun universitetin yaradılmasında və inkişafında mühüm xidmətlər göstərdiyini vurğulayıb.

 

Təqaüdə ayrılan hər iki müəllimin universitetdə ali təhsilli kadrların hazırlanmasında böyük əməyi olduğunu qeyd edən Ş.Bayramov onların yetirməsi olan çoxsaylı məzunun hazırda cəmiyyət həyatının inkişafında fəal iştirak etdiyini bildirib.

 

Qocaman pedaqoqların 60 ilə yaxın müəllimlik fəaliyyətləri dövründə dövlətə və xalqımıza sadiq vətəndaş yetişdirilməsində yaxından iştirak etdiklərini vurğulayan rektor hər iki şəxsi zəngin təcrübəyə malik təhsil işçisi və Mingəçevir şəhərinin ictimai-siyasi həyatında fəal rol oynayan ziyalı kimi xarakterizə edib.

 

Universitetin professor-müəllim və inzibati-texniki heyət üzvləri, tələbələri, magistrantları və məzunları adından təşəkkürünü çatdıran Ş.Bayramov yorulmaz, səmərəli və nümunəvi fəaliyyətləri ilə hər iki şəxsin sözün əsl mənasında müəllim adını ucaltdıqlarını bildirib. Pedaqoqlara cansağlığı və uzun ömür arzulayan rektor onları universitetlə əlaqələri qoruyub saxlamağa, keçiriləcək tədbirlərdə fəal iştirak etməyə və MDU-nun növbəti mərhələdə də inkişafına töhfələr verməyə dəvət edib.

 

Qocaman müəllimlərə və ağsaqqal ziyalılara göstərilən yüksək diqqətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirən Əli müəllim və Mirzə müəllim öz həyatlarını təhsilə həsr etdiklərindən fəxarət hissi keçirdiklərini qeyd ediblər. Universitetin keçdiyi inkişaf yolu barədə danışan hər iki pedaqoq MDU-nun yaxın gələcəkdə yeni dövrün tələblərinə uyğun inkişaf etməsi üçün ciddi zəminlərin olduğunu vurğulayıblar. Onlar universitetin mövcud infrastrukturunun daha da inkişaf etdirilməsini və gələcəkdə doktorantura səviyyəsi üzrə də mütəxəssis hazırlığının həyata keçirilməsini arzuladıqlarını bildiriblər.

 

Tədbirdə təqaüdə ayrılan Əli Məmmədova və Mirzə Gumayevə MDU-nun fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.