Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 14:31:00
İnzibati rəhbər vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

DİM tərəfindən 27 avqust 2020-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati rəhbər vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

 

AzEdu.az xəbər verir ki, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. 

 

İmtahanda qeydiyyatdan keçən namizədlərin hamısı – 125 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 1 nəfər, BA2 altqrupu üzrə 2 nəfər, BA3 altqrupu üzrə 8 nəfər, BA4 altqrupu üzrə 6 nəfər, BB1 altqrupu üzrə 14 nəfər, BB2 altqrupu üzrə 18 nəfər olmaqla, BB3 altqrupu üzrə 6 nəfər, BB4 altqrupu üzrə 14 nəfər ümumilikdə 69 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb. 

 

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. 

 

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 28-dən sentyabrın 10-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

 

  • ali təhsil haqqında sənədin surəti; 
  • əmək kitabçasının surəti (olduğu halda).  

 

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

 

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. 

 

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 28, 31 avqust və 1 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).