Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-26 21:51:16
“Nə zal var, nə də dərslik, idman dərsləri sinifdə keçirilir” - PROBLEM

Azərbaycanda orta məktəblərdə fiziki tərbiyə ayrıca fənn olaraq tədris olunur. Bəzi məktəblərdə bu predmetə bir  o qədər əhəmiyyət verilməsə də, yorucu dərslərdən sonra fənnin tədrisinin uşaqlara çox böyük əhəmiyyəti var.

Bir neçə ildir ki, orta məktəblərdə "Fiziki tərbiyə" adlı dərslik hazırlanıb. Bu, əslində, Azərbaycan təhsil sistemi üçün bir yenilikdir.  Bəs adıçəkilən dərsliklər nə dərəcədə qənaətbəxşdir? Onlardan   istifadənin  uşaqlar üçün nə kimi  əhəmiyyəti var?

Fiziki tərbiyə fənnini tədris edən Seymur İbrahimov AzEDU.az-a açıqlamasında  fiziki tərbiyə ilə bağlı dərsliyin əhəmiyyətinin olduqca böyük olduğunu qeyd edib.

Onun fikrincə, dərslikdə bəzi məlumatlar var ki, onu yalnız uşaqlar oxuyaraq əldə etməlidirlər: "Fiziki tərbiyə müəllimi idman zalında şagirdə yalnız fiziki hərəkətləri öyrədə, onlarda normativləri yoxlaya bilər. Dərsin az bir hissəsində isə hər hansı idman növü və yaxud fiziki tərbiyəyə aid başqa bir məlumatı verə bilər, lakin bu məlumatın hamısını deməyə vaxt qalmaz. Buna  görə də, fiziki tərbiyə kitabının olması zəruridir. Ən azından, şagird  evdə kitabdan lazımi məlumatların hamısını öyrənə bilər."

Müəllim bu dərsliklərdən istifadə etdiyini və şagirdlərə nəzəri hissənin öyrədilməsinin də vacib olduğunu vurğulayıb:

"Mən heç bir müəllimin adından danışa bilmərəm. Öz adımdan deyə bilərəm ki, dərsliklərdən istifadə edirəm. Fikrimcə, fiziki tərbiyə müəllimi şagirdlərlə yalnız zalda yox, sinifdə də məşğul olmalıdır."

Seymur bəy hələlik, dərslikdə heç bir  səhvlə qarşılaşmadığını deyir: "Səhvlər varsa da,  çox cüzidir.  Bu kitabları Azərbaycanda adlı -sanlı idman mütəxəssislərindən biri olan Firat Hüseynov yazıb. Firat Hüseynov mənim müəllimim olub. Onu deyə bilərəm ki, Firat müəllim çox savadlı bir idman mütəxəssisidir".

İdman dərslərinin hansı saatda keçirilməsi ilə bağlı isə Seymur müəllimin fikri maraqlıdır. O, idman dərslərinin son saatlarda keçirilməli olduğunu bildirib, çünki uşaqlar digər dərsləri keçdikdən sonra həddindən artıq yorulur və evə getdikdən sonra ev tapşırıqlarını yerinə yetirmirlər: "Şagirdlər digər dərslərə girdikdən sonra idman dərsində iştirak etməlidirlər ki, onlarda olan yorğunluqlar aradan qalxsın. Bəzi məktəblərdə cədvəli necə istəyirlər, elə də qururlar. Olur ki, idman dərsini ikinci  saata salırlar. Bu, düzgün deyil."

Fənnin adı, dərsliyi olsa da bəzi məktəblərdə nə idman zalından, nə də dərslikdən istifadə edilir.

Bakı şəhər məktəblisi  Mehriban Astanova deyir ki, ümumiyyətlə, idman dərsini sinifdə keçirlər. Nə idman zalından, nə də kitabdan istifadə edirlər.

Üçüncü sinif şagirdi Murad Məmmədovun sözlərinə görə də, fənnin adı olsa da, üçüncü sinfə qədər fiziki tərbiyə dərsini keçməyiblər. İndiyədək kitabları da olmayıb.

Əsmər Qabil