"PISA-da 400 balı qəbul imtahanındakı 400 bal kimi qəbul etməməliyik".
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Nazir bildirib ki,
Azərbaycan müxtəlif illərdə PISA qiymətləndirməsində iştirak edib. Onun sözlərinə görə, ölkənin əvvəlki iştirakları kağız əsaslı qiymətləndirmə ilə həyata keçirilib, 2018-ci ildən isə Azərbaycan PISA-da kompüter əsaslı formatda iştirak etməyə başlayıb.
E.Əmrullayev qeyd edib ki, 2022-ci ildə qiymətləndirmədə Bakı şəhəri iştirak edib, 2025-ci ildə isə Azərbaycanın bütövlükdə ölkə üzrə PISA-da iştirak etməsi təmin olunub.
Nazir bildirib ki, Bakı üzrə nəticələr 2018, 2022 və 2025-ci illərin göstəricilərini müqayisə etməyə imkan verəcək. Azərbaycanın bütövlükdə ölkə üzrə nəticələrinin isə gələcək qiymətləndirmələrdən sonra daha geniş müqayisə imkanları yaradacağı qeyd olunub.
E.Əmrullayev PISA nəticələrində istifadə olunan bal sisteminin qəbul imtahanlarında tətbiq edilən 700 ballıq sistemdən tamamilə fərqli olduğunu vurğulayıb.
"Qəbul imtahanlarındakı 700 balı müqayisə etsək, bu ballar o bal deyil, tamamilə başqa bir baldır. Buradakı 400 balı qəbul imtahanındakı 400 bal kimi qəbul etməməliyik. Tamamilə fərqli göstəricilərdir, fərqli şkalalardır"-, deyə nazir bildirib.
Nazirin sözlərinə görə, PISA-da istifadə olunan şkala normal paylanma prinsipi əsasında qurulub. Bu şkalada 500 bal şərti orta göstərici kimi müəyyənləşdirilib.
O qeyd edib ki, oxu savadlılığı üzrə 2000-ci ildə, riyazi savadlılıq üzrə 2003-cü ildə, təbiət elmləri üzrə isə 2006-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə 15 yaşlı şagirdlərin nəticələri əsasında orta göstərici 500 bal olaraq qəbul edilib. Bu göstəricidən yuxarı və aşağı nəticələr müvafiq olaraq həmin orta göstəriciyə nisbətdə qiymətləndirilir.