Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-08 15:51:00
İmtahandan ən çox bal toplayan məzunlar: “Bu fənn bizi xeyli yordu”

 

 Dövlət İmtahan Mərkəzi 18 və 19 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrini elan etdi.


İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 297.1 bal toplayan Lənkəran şəhəri 1 saylı şəhər tam orta məktəbin məzunu göstərib.

İkinci ən yüksək nəticəni 294.1 bal toplayan Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbin, üçüncü ən yüksək nəticəni isə 288.9 bal toplayan Lənkəran şəhəri Liman 2 saylı şəhər tam orta məktəbin məzunu göstərib.

 

AzEdu.az yüksək bal toplayan abituriyentlərin imtahan təəssüratlarını öyrənməyə çalışıb.

 

İmtahan iştirakçıları arasında ən yüksək(297.1 bal) nəticəni əldə edən Abbaslı Həsən açıqlamasında bildirdi ki, il ərzində çox ciddi hazırlıq mərhələsindən keçib:

 

 “İmtahanda suallar orta səviyyəli idi, testləri, açıq tipli sualları həll edərkən yorulmadım. Ən çox vaxtı isə Azərbaycan dili fənnindən olan suallara sərf etdim. Açıq tipli sualların hamısını düzgün yerinə yetirdim. Yüksək bal toplayacağımı gözləyirdim. Ümumi olaraq 297.1 bal topladım. İl ərzində çox ciddi şəkildə hazırlaşdım.

 

İmtahan verəcək abituriyentlərə tövsiyələri…

 

 “İmtahan verəcək abituriyentlərə məsləhətim odur ki, qətiyyən həyəcanlanmasınlar. İmtahana daxil olduqdan sonra vaxtdan səmərəli istifadə etsinlər. Özüm sınaq imtahanlarında çox iştirak etdiyim üçün buraxılışda heç həyəcan keçirmədim”.

 

“Düşünürdüm ki, 250 balı keçərəm, ancaq bu qədərinə isə inanmırdım”

 

İmtahanda ikinci ən yüksək balı toplayan  Goranboy rayonu, Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbin məzunu Leyla Şirinova açıqlamasında özündən bu nəticəni gözləmədiyini bildirdi:

 

“İmtahanda 294.1 bal topladım. Bu qədər yüksək nəticə əldə edəcəyimi gözləmirdim. Düşünürdüm ki, 250 balı keçərəm, ancaq bu qədərinə isə inanmırdım. Sualların səviyyəsi gözlədiyimdən daha asan idi. Azərbaycan dili fənnindən mətnlər nisbətən yorucu oldu. Dinləmə ilə bağlı sualları düzgün cavabladım.

 

Abituriyentlərə məsləhətim odur ki, bütün mövzuları diqqətlə oxusunlar. Heç birinə ötəri baxmasınlar”.

 

Leyla Şirinova açıqlamasında BANM-ın tələbəsi olmaq istədiyini qeyd etdi:

 

“Bakı Ali Neft Məktəbinə qəbul olunmaq üçün hazırlaşdım. Oranın tələbəsi olmaq istəyirəm. Hələki xüsusi ixtisas nəzərdə tutmamışam”.

 

Qeyd edək ki, bu imtahanlarında iştirakı nəzərdə tutulan 21212 nəfərdən 488 nəfər imtahana gəlməyib. 5 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları