Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-23 16:00:00
Beynəlxalq olimpiadanın medalçıları AzEdu.az-a danışdılar: “Təəssüf ki, onlayn keçirildi”

 

 15-21 aprel tarixlərində Niderlandda keçirilməsi planlaşdırılan 9-cu Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) Covid - 19 pandemiyası ilə əlaqədar virtual şəkildə təşkil olunub.

 

Builki olimpiadada dünyanın 53 ölkəsindən 205 şagird öz bilik və bacarıqlarını sınayıb. Məktəblilərimiz Avropa Qızlar Riyaziyyat Olimpiadasında 3 bürünc medal qazanıblar.

 

Medal qazanan məktəblilər Fidan Qarayeva, Zəhra Bayramlı və Aysun Bayramlıdır.

 

AzEdu.az qaliblərin təəssüratlarını təqdim edir:

 

“Olimpiadanın  ənənəvi formatı onlayn deyildi. Təəssüf ki, Covid-19-la əlaqədar bu şəkildə keçirildi. Bizə hər gün 3 sualı 4 saat yarım ərzində həll etmək tapşırılmışdı. Daha sonra nəticələr Olimpiada Təşkilat Komitəsinə göndərildi. Onlayn şəkildə olması heç bir maneə törətmədi”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Zəhra Bayramlı deyib.

 

O, bildirdi ki, imtahan zamanı heç bir texniki problemlə qarşılaşmayıb:

 

“Sualların səviyyəsi ötən illərə nisbətən bir qədər çətin oldu. Buna baxmayaraq uğurlu keçdi deyə düşünürəm. Heç bir texniki problem yaşanmadı. Təhsil Texnologiyaları Mərkəzinə 2 gün ardıcıl gedib imtahanda iştirak etdim.

 

Demək olar ki,  3-4 ildi olimpiadalara hazırlaşıram, bu olimpiadada isə 3-cü iştirakım idi. Olimpiadalara Hazırlıq Mərkəzindəki dərslər, Amerikada yaşayan müəllimimiz Cəfər Cəfərov tərəfindən hər həftə keçilirdi. Uzun hazırlıq prosesi nəticəsində uğur qazana bildim”.

 

Olimpiada qaliblərindən olan Bakı şəhəri Humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Aysun Bayramlı AzEdu.az-a açıqlaması zamanı bildirdi ki, imtahanın onlayn şəkildə təşkilinin ümumi nəticəyə təsiri olmadı:

 

“İmtahan onlayn formada keçirildi, lakin bunun nəticəyə müsbət və mənfi təsiri olmadı. Sadəcə, virtual keçirilməsi xarici ölkələrdən yarışan riyaziyyatçı qızlarla görüşmə imkanımızın qarşısını aldı. Yarış hər il fərqli Avropa ölkəsində keçirilir. Tapşırıqların həlli üçün  4 saat yarım vaxt verildi”.

 

Aysun qeyd etdi ki, beynəlxalq səviyyəli yarışlar üçün aşağı siniflərdən xüsusi hazırlıq tələb olunur:

 

 “Bu olimpiada da hər ölkəni maksimum  4 qız təmsil edə bilər. Olimpiadaya hazırlıq üçün aşağı yaşlardan başlamaq əla olar. Mən bir az gec-9-cu sinifdən başlamışam”.

 

Olimpiada da uğur qazanaraq bürünc medala layiq görülənlərdən biri də Bakı şəhəri 257 nömrəli məktəbin VIII sinif şagirdi Fidan Qarayevadır.

 

“Çox istərdim ki, yarış Niderlandda keçirilsin”

 

“İmtahan onlayn qaydada keçirildi, lakin böyük bir fərq hiss etmədim . Hədsiz sevinirəm ki, sualları düzgün cavalayaraq medal qazana bildim.  Çox istəyərdim ki yarış Niderlandda olardı”

 

Fidan həmçinin keçən il də eyni olimpiadada bürünc medal qazandığını bildirdi:

 

 “İmtahan iki gün ərzində keçirildi . Hər gün 3 sual və onları həll etməyə 4 saat yarım vaxt verildi. Bürünc medal qazandım. Keçən ildə həmin olimpiyadada bürünc medal qazanmışdım”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları