https://www.zirve.edu.az/
17.04.2020 16:38
Kiprdə oxuyan Aprel döyüşçüsü –“ Virus mənim üçün adi haldır, çünki…”
Çap et

 

 

 

“Mən hazırda Şimali Kiprin Famaqusta şəhərindəyəm. Burada vəziyyət nisbətən yaxşıdır. Hökumət virusun yayılmasının qarşısını almaq məqsədilə hər cür tədbir görüb. Ölkədə karantin rejimi elan edilib. Hərəkətə məhdudiyyət qoyulub. Axşam saat 9-dan səhər saat 6-ya kimi, ümumiyyətlə, küçəyə çıxmaq qadağandır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Şimali Kiprin Şərqi Aralıq Dənizi Universitetində (Eastern Mediterranean University) Turizm və Menecment üzrə magistr təhsili alan Firuz Əlövsədov söyləyib.

 

Onun sözlərinə görə, digər Avropa ölkələrində olduğu kimi Şimali Kiprdə də aptek və marketlər istisna olmaqla bütün iş yerləri bağlıdır:

 

“Ölkə ərazisində, əsasən, market və apteklər açıqdır. İnsanlar yalnız ərzaq və tibbi ehtiyaclarını ödəmək üçün küçəyə çıxa bilir, təbii ki, bayıra çıxdığında 2 metrlik sosial məsafəni saxlamaq vacibdir”.

 

Azərbaycanlı tələbənin sözlərinə görə, Kiprdə əhali hökumətin qoyduğu qaydalara maksimum dərəcədə əməl edir, bu səbəbdən ölkədə virusun yayılması ilə bağlı vəziyyət qənaətbəxşdir:

 

“Küçələrdə demək olar ki, adam yoxdur. Karantin rejiminə keçid heç kimdə çətinlik yaratmadı və hər kəs evdə oturaraq qaydalara əməl edir. Hamı vəziyyəti düzgün anlayır və analiz edir. Artıq bir aydır ki, bu hal davam edir, hər kəs mövcud duruma öyrəşib. Buna görə də burada vəziyyət yaxşıdır.

 

Marketlərdə ərzaq yetəri qədər var, heç bir qiymət artımı yoxdur, bu məsələ ilə bağlı çətinlik yaşamırıq. Həmçinin, apteklərdə maska, spirt və digər tibbi ləvazimatları asanlıqla əldə edə bilirik”.

 

“Şimali Kiprdə martın 9-dan etibarən məktəb və universitetlərdə tətil elan edilib. Dərslərimiz onlayn şəkildə keçirilir. İmtahanlarımızın isə həmişəki kimi 5-22 iyun tarixində keçirilməsi nəzərdə tutulur.  Onlayn dərslərdə heç bir problem yoxdur, müəllimlər çalışırlar ki, tələbələrə maksimum dərəcədə fayda versin”, - deyə həmyerlimiz əlavə edib.

 

Firuz Əlövsədov hazırkı şəraitdə Azərbaycana qayıtmaq istəmədiyini, Kiprdə qalmağın daha faydalı və təhlükəsiz olduğunu düşünür:

 

“Burada yaşayan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlayırıq və bir-birimizə yardım etməyə çalışırıq. Qeyd etdiyim kimi, Kiprdə 9 mart tarixində təhsil müəssisələri bağlandı. 15 mart tarixinə qədər isə ölkəyə dönmək istəyən tələbələrin əksəriyyəti öz hesabına Azərbaycana getdilər. Ancaq iyun ayında imtahanlar üçün məcburi qayıtmaq lazımdır. Ona görə də maddi durumları nəzərə alaraq heç kim getmir.

 

Belə çətin vəziyyətdə hər kəs olduğu yerdə qalsa, daha çox öz ölkəsinə fayda verəcək. Mən isə Aprel döyüşlərinin iştirakçılarından biri olduğum üçün bu cür məsələlər mənim üçün adi haldır…”