Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-15 10:48:00
Tanınmış geoloq alim vəfat edib

Görkəmli geoloq alim, Əməkdar elm və texnika xadimi, “Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü Kərim Kərimov aprelin 14-də 87 yaşında vəfat edib.

 

 AzEdu.az  xəbər verir ki , Kərim Kərimov 1933-cü ildə Ağdam şəhərində anadan olub. 1952-ci ildə orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub, 1975-ci ildə universiteti “Dağ mühəndisi geofizikası” ixtisası üzrə bitirib.

 

O, 1964-cü ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə geofizika üzrə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 

 

Professor K. Kərimovun elmi fəaliyyətinin əsas istiqamətlərini seysmologiya, geoloji qu­ru­luşun öyrənilməsi və geofiziki üsullarla neft-qaz yataqlarının axtarışı təşkil edib. Alimin Azərbaycanın neft sənayesinin inkişafında da xüsusi xidmətləri var. Onun rəhbərliyi altında 1993-1995-ci illərdə Azərbaycanda uzunluğu 100-120 km 6-7 strukturdan ibarət yeni bir neft qazlı tektonik zona aşkar edilib və ümummilli lider Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyə qayıtması münasibətilə ona “Qayıdış” adı verilib.

 

Azərbaycan geofizikası sahəsində xüsusi məktəb yaradan alim 550-dən artıq elmi əsərin, o cümlədən 14 monoqrafiya, 28 ixtira və 135-dən çox atlas və xəritənin müəllifidir. Onun 76-dan artıq elmi əsəri Amerika, Fransa, İngiltərə, Rusiya, Misir, Ukrayna, Gürcüstan, Türkiyə, İran, Yaponi­ya və digər ölkələrdə dərc edilib.

 

K.Kərimov 1992-1996-cı illərdə ARDNŞ-in nəzdindəki Geofizika Baş İdarəsinin rəisi, 1996-2005-ci illərdə Geofizika və Mühəndis Geologiyası İctimai Birliyinin baş direktoru vəzifələrində çalışıb. 2006-2008-ci illərdə Geofizika və Geologiya İdarəsində elmi işlər üzrə baş müşavir işləyib.

 

1995-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilən alim 1997-ci ildə həmin akademiyanın vitse-prezidenti təyin edilib. O, 1996-cı ildə Avropa Geofiziklər Assosia­siyasının, 1997-ci ildə İngiltərənin Neft Cəmiy­yətinin həqiqi üzvü seçilib.

 

O, Amerika Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına və Qızıl medala layiq görülüb. Həmçinin 2000-ci ildə Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin “XX əsrdə nailiyyətlərinə görə” diplomu və gümüş medalı ilə, 2003-cü ildə isə Yusif Məm­mədəliyev adına medalla təltif olunub.

 

Alim 1991-ci ildə geologiya-geofizika elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Res­pub­likasının "Əməkdar elm və texnika xadimi” fəxri adı­na layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

 

K.Kərimov 2000-ci ildə Bakı Dövlət Universitetinin nəzdində yaradılmış Lütfi Zadə adına Aka­demiyanın, 2002-ci ildə Avropa Elmlər Akademiyasının, həmçinin Şərq Neft Akademiyasının və Ekoenergetika Akade­miyasının akademiki seçilib. Neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə AMEA-nın və ARDNŞ-ın Fəxri Fərmanları ilə təltif olunub.

 

Prof. K.Kərimov həm də orijinal palitraya malik istedadlı rəssamdır. O, minlərlə karikaturanın müəllifidir. Bu əsərlərin başlıca mövzusunu Ermənistanın Azərbaycana qarşı apardığı siyasət və onun acı nəticələri təşkil edir. K.Kərimov öz əsərlərində terrorizmi, narkomaniyanı, irqçiliyi, ədalətsizliyi, erməni zülmünü ustalıqla ifşa edir. İndiyədək rəssamın dünyanın müxtəlif ölkələrində 18 fərdi sərgisi keçirilib.