Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 16:10:00
Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib  

Martın 16-da VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirilib.

AzEdu.az xəbər verir ki, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitə üzvlərini təbrik edib, Azərbaycan Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrin yerinə yetirilməsində deputatlara uğurlar arzulayıb.

Sonra 7 məsələdən ibarət gündəliyin müzakirəsinə başlanıb. Əvvəlcə komitə sədri gündəlikdəki 4 qanun layihəsini ayrı-ayrılıqda ətraflı şərh edib. Birinci oxunuşda müzakirəyə təqdim olunmuş “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi, “Elm haqqında” qanunda dəyişiklik edilməsi, “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi, “Elm haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin əsasən uyğunlaşdırma xarakteri daşıdığı qeyd olunub.

Müzakirələrdə deputatlar Ceyhun Məmmədov, Etibar Əliyev qanun layihələrinə dair rəy və təkliflərini bildiriblər. Komitədə birinci oxunuşda müzakirə edilən həmin qanun layihələri konseptual baxımdan məqbul sayılıb və hamısı birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

İclasda V çağırış Milli Məclisin Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyasında fəaliyyəti haqqında hesabat dinlənilib. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 13 məsələyə baxılıb. Deputatlar çox məhsuldar fəaliyyət göstəriblər.

İclasda hesabat qənaətbəxş sayılıb.

Komitənin 2020-ci ilin yaz sessiyasına dair iş planı da yekdilliklə təsdiqlənib.

Cari məsələlərin müzakirəsində koronavirus infeksiyasına dair Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən bəhs olunub