Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 12:31:00
Online dərsləri effektiv necə təşkil etmək olar? - Tövsiyələr

 

 

 AzEdu.az professor Əfqan Abdullayevin online dərslərlə bağlı tövsiyə xarakterli yazısını təqdim edir:

 

Artıq bütün dünyada ali təhsilin formasında kəskin surətdə yeniliklər edilmiş, bu işlər hər gün daha da sürətlə davam etdirilir. Ağıllı dərs otaqları, kütləvi açıq online kurslar, rəqəmsal texnologiyalar alı təhsili tam əhatə etməkdədir. İnnovasiyaların başgicəlləndirici surəti tədrislə məşğul olanlar qarşısında belə bir məsələ qoymuşdur ki, texnologiyaları təlim prosesinə necə uyğunlaşdırsınlar.

 

 

Koqnitiv tədqiqatlarla məşğul olduğuma görə bu sahədə zaman-zaman yeni dövr nəşrlərlə maraqlanıram. Bu yaxınlarda Harvard Universitetinin nəşriyyatında işıq üzü görən “Minds Online. Teaching Effectively With Technology” (Ağıllar online-a. Texnologiyalarla səmərəli təlim) adlı kitabında Şimali Arizona Universitetinin psixologiya professoru Mişel Miller online dərslərin necə təşkil olunmasından, ağlın, zehnin, insan təfəkkürünün bilikləri necə assimilyasiya etməsindən, sürətlə dəyişən mühitdə əldə olunan təcrübənin məsafədən necə ötürülməsindən bəhs edir.

 

 

Hamımız məsafədən, internet üzərindən tədrisin təşkilinin önəmli cəhətlərini sübut etməyə çalışırıq və hərə israrla öz arqumentlərini gətirməyə cəhd edir. Amma  tələbə-şagirdlə üzbəüz olmadan məsafədən biliyin ötürülməsinin texnoloji problemi yoxdur, yaxşı internet varsa, bu iş baş tutacaq. Bununla belə, ötürülən materialın, biliyin mənimsənilməsini də yaddan çıxartmaq lazım deyil. Diqqətin, yaddaşın, yüksək təfəkkür proseslərinin (tənqidi təfəkkür və analitik düşüncə) texnologiya-əsaslı öyrətmə vasitəsilə necə formalaşdırmağı bilmədən biz lazımı nəticə əldə edə bilməyəcəyik. Üzbəüz dərsin sillabusu ilə online dərsin sillabuslarının da fərqli cəhətlərini yaddan çıxartmaq olmaz. Tam online dərslər üçün koqnitiv cəhətdən optimallaşdırılmış sillabusların tərtibi daha önəmlidir ki, sonda lazımı nəticə əldə oluna bilinsin.  İnternet əsrində doğulmuş nəsil üçün təlim texnologiyalarından istifadə şübhə etmirik ki, onlarda bir məmnunluq hissi yaradacaq. Amma bizim üçün əsas olan lazımı tədris proqramının yerinə yetirilib mənimsənilməsidir.

 

 

Təlim texnologiyalarının bu gün daha da önə çıxmasının bir səbəbi də son bir neçə ayda bütün dünyaya yayılan koronavirusla əlaqədar olaraq tədris sahəsində yaranmış çətinliklərdir. Məlum səbəblərdən tədris prosesi bir müddət dayandırılmışdır. Artıq Təhsil Nazirliyi tərəfindən də tədris prosesində yaranmış bu vəziyyətlə bağlı müvafiq addımlar atılmış, online dərslərin tədrisinə başlanmış, lazımı tədbirlərin görülməsi işi isə davam etdirilir. Bütün bunları, eləcə də bir çox ali təhsil müəssisələrində online təhsillə bağlı tədrisin başlanmasına cəhdlər edilməsini nəzərə alaraq virtual tədrisin təşkilinə dair öz mülahizələrimizi bölüşmək istərdik.

 

Koronavirus təhlükəsi başlayandan bəzi universitetlər məlumat xarakterli müxtəlif broşurlar, kitabçalar nəşr etdirib pulsuz paylamağa başladılar. Onlardan bəzi nümunələri təqdim edək.

 

 

Stanford Universiitetinin (Kaliforniya ştatı) hazırladığı “Fövqəladə hallarda səmərəli öyrətmə” adlı kitabçada sinxron (eyni vaxtda) və asinxron (müxtəlif vaxtda) səmərəli təlimin fərqlərini izah edir, onların üstün və çatışmayan cəhətlərini göstərir, virtual olaraq tədrisin təşkilini təlimatlandırır.

 

 

Vanderbilt Universitetinin (Tennesi ştatı) Təlim mərkəzi universitet əməkdaşları və tələbələr üçün “Əsl zamanında online təlim” adlı təlim-texnoloji məsləhət kitabçası hazırlamışdır. Kitabçada online öyrətmənin addım-addım prinsipindən necə istifadə etmək qaydaları izah olunur.

 

 

Bütün oxunan ədəbiyyatlardan əldə etdiyimiz qənaət budur ki, online təlimin və təlim texnologiyalarının yeganə məqsədi dərslərin planlaşdırılmış çərçıvədən geri qalmamasını təmin etməkdir. Bunun üçün hansı işləri görmək yaxşı olardı?

 

  • Əvvəlcə təqdim olunacaq materialları saf-çürük etmək lazımdır. Onlar online tədris üçün əlçatan ola bilərlərmi? Tələbələr onlara lazım olan təlimatları və tapşırıqları online təlimdən ala biləcəklərmi? Tələbələr onlara verilən tapşırıqların həllinin müəllimə qaytarılması formasını tam anlayıblarmı? Tapşırıqların təhvil verilmə vaxtı hamıya çatdırılıbmı, həmin tarixlərdə dəyişiklik olubmu?

 

 

  • Tələbələrin inkişafı, proqramı-materialı mənimsəməsi haqqında şərhləri, reaksiyaları müəllim necə əldə edəcəkdir, tələbələr fənnin tədrisindən əldə etdikləri əsas bacarıq və vərdişləri necə tətbiq edəcəklər? Belə şeyləri adətən sinifdə çox rahat edə bilərdilər. Siz onlara hansı şansları verəcəksiniz ki, öyrəndiklərini təcrübədə tətbiq etsinlər və kiçik həcmli, böyük həcmli lazımı tapşırıqları sizə qaytarsınlar. Əgər siz otaqda dərs zamanı tələbələrin təcrübələri və tapşırıqları üçün çox dərs vaxtı sərf etmirdinizsə, indi onun üçün yaxşı fürsət yaranır ki, siz fənninizin həmin aspektini daha da inkişaf etdirə bilərsiniz. Məsələn, əgər tələbələr öz bilik-bacarıqlarını sinifdaxili müzakirələrdə müzakirə etməklə tapşırıqları təhlil və sintez edirlərsə, onlar online formada mətnin şərhini birgə olaraq yerinə yetirə biilərlər. (Harvard Universitetinin yaratdığı “Perusall e-reading” proqramı da bu işdə yaxşı nəticə verə bilər).

 

 

  • Özünüzün sinifdə etdiyiniz təcrübədən istifadə köməyinizə gələcək. Yadınıza salın ki, sinifdə vaxtı normal olaraq daha çox nəyə sərf edirdiniz. (məs. Məzmunun təqdim olunması, onun başa düşülmə səviyyəsinin yoxlanılması, birgə layihə işlərinin verilməsi daha çox sizin nəzərinizdə olmalıdır, nəinki “mühazirə”, “müzakirə”, “test tapşırıqları” deməklə. Əgər siz qarşınıza qoyduğunuz o məqsədləri yadda saxlasanız online rejimdə onlara daha yaxşı nail olacaqsınız. Bu mini-refleksiya (imic) sizə kömək edəcək ki, siz hansı vasitələrdən – sinxron (eyni vaxtda) məşğul olma vasitələrindən (məs. Real zaman kəsiyində “Zoom meeting” deyilən forma), yoxsa asinxron formadan (məs. Narrativ videolar, yaxud “VoiceThread” vasitələr), yaxud hər iki formanın müəyyən kombinasiyasından istifadə etməklə online təlimi yerinə yetirəsiniz.

 

 

  • Hər hansı bir yüksək-tutumlu (dərəcəli) tapşırıqların, xüsusilə də imtahanların, təşkili üçün nə edəcəyiniz barədə qərar qəbul edin. Bu heç də asan məsələ deyil, ən azından ona görə ki, imtahan tələbənin çox həssas yeridir. Ya da, daha az nəzarət tələb edən formadan – layihələrin təqdimatı ilə nəticə əldə edə bilərsiniz.

 

 

 

  • Fənn materiallarına gəldikdə isə, çox ehtimal ki, siz onların hamısını tələbələrinizə artıq göndərmisiniz. Bununla belə bir daha əmin olmaq üçün yoxlayın ki, göndərilən materialların hamısı (oxu materialları, videolar, test tapşırıqları, xüsusilə də fənn sillabusları) tələbələrə çatıbdır.

 

 

 

  • Elə ki, hər şeyi tamamlamısınız, siz artıq işə başlaya bilərsiniz. Bu “işin” (oyunun) adı kommunikasiyadır. Bütün bu qeyri-müəyyənliklər fonunda, siz mümkün qədər aydın, səlis, tələsmədən, hər şeyi izah etməlisiniz. Tələbələr bilsinlər ki, onlar həmin fənlə bağlı qarşıdakı həftələr ərzində nələri əldə edəcəklər. Əmin olun ki, tələbələr nələri edəcəklərinin məsuliyyətini başa düşüblər. İlkin olaraq onlar nədən başlamalıdırlar. Çalışın ki, kommunikasiya ikitərəfli olsun, nəinki ancaq müəllim danışsın.

 

 

Bu bizim sizə az da olsa bir tövsiyəmizdir ki, heç şübhəsiz, online dərslərin təşkilində müəyyən rol oynaya bilər, əgər yazılanları tam anlayıb düzgün tətbiq etsək. Bununla belə, biz onu da anlayırıq ki, bu heç də mütləq formada online tədrisin effektiv təşkili üçün yeganə “resept” deyil. Bu cür təkliflər yaranmış gözlənilməz situasiyalardan çıxış yolları kimi başa düşülməlidir. Məqsədli olaraq proqramlaşdırılmış distant təhsil, online kurslar üçün isə daha fundamental yanaşmalar təklif olunmalı və tətbiq edilməlidir, xüsusilə də o yerlərdə ki, bu təhsil formasının uzun bir ənənəsi yoxdur. Bunun üçün illərlə bu sahədə təcrübəsi olan universitetlərlə əməkdaşlıq çox fayda verərdi. Sadəcə gəlir, mənfəət, rahatlıq, yaxud zamanın nəbzini tutmaq xatirinə “hər şeyi online formaya salmışam” demək son məqamda tədrisin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə gətirib çıxarardı.

 

Eyni zamanda onu da bilirik ki, aparılan araşdırmalar, sorğular göstərir ki, müəllimllər tet-a-tet dedikləri dərslərdən aldıqları zövqü online deyilən dərslərdən almırlar. Yalnız 9% müəllim online mühitdə dərs deməyi arzuladıqlarını izhar ediblər, 91% isə istənilər yerdə dərs keçməyə razı olduqlarını bildirirlər, nəinki online formada. (Educause survey, 2017). 7 ölkənin 157 təhsil müəssisəsində 13451 müəllim-respondentlərdən alınan sorğunun nəticələri bunu deyir. Aydındır ki, bir çox müəllimlər online tədrisin əhəmiyyətini görmürlər, ya da yaxşı online müəllim olmaq istəmirlər. Biz də razıyıq ki, heç birimiz təhsil alanda yaxşı online dərs deyən müəllim olmaq haqqında düşünmürdük, ən azından ona görə ki, illərimizi universitetdə auditoriyalarda keçirmişik. Tələbələrin isə online işləmək təcrübələri hər cəhətdən biz müəllimlərdən çoxdur. Ola bilsin ki, online tədrisin bütün giriş-çıxışlarını öyrənməkdə canımızda bir balaca da tənbəllik elementləri də olsun.

 

Bu gün isə gündəmdə duran əsas məsələ tələbə məmnunluğunu təmin etməkdir və  hər  atılan addımlar doğrudan da çətin olan şəraitdən çıxıb tələbələrin “akademik göstəriciləri”nin aşağı düşməsinin qarşısını almaqdan ötrü edilir. Hər kəsi bu işdə fəal olmağa dəvət edirik.