Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-10 10:52:00
Kəsiri qalan tələbə nə səbəbə təqaüd almayacaq? – Təfərrüat və səbəblər

 

Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

 

Qərara əsasən, semestr müddətində kəsri olan və üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbəyə  növbəti semestr  boyunca təqaüd verilmir.

 

Bəs bu qərar tələbələrin motivasiyasına, rəqabətinə necə təsir edəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Bakı Mühəndislik Universitetinin (BMU) prorektoru Elçin Süleymanov bu qərarın ədalətli olduğunu bildirib.

 

“Əslində bu qərar, onsuz da tətbiq edilirdi. Sadəcə orada bir-iki boşluq vardı.  Həmin boşluqlardan biri o idi ki, üzrlü səbəbdən imtahanda müəyyən edilmiş vaxtda iştirak etməyib   semestr başlayana qədər imtahan verənlər və kəsri olmayanlar bəzən təqaüd siyahısı əvvəlcədən hazırlandığı üçün siyahıdan kənarda qalırdı.  Bu boşluq aradan qaldırıldı. Belə ki, əgər tələbə üzrlü səbəbdən imtahanı vaxtında verə bilməyibsə , o təqaüddən kənarda qalmayacaq.

 

Digər məsələ isə imtahanda kəsilib sonradan kreditə görə təhsil haqqının 25 faizini ödəyib təkrar imtahanda kəsrini düzəltsələr də, o semestr təqaüdünü itirirlər. Bu da,  məncə, ədalətli qərardır. Çünki artıq bir dəfə kəsildiklərinə görə təqaüd daha yaxşı nəticəsi olan, imtahanı kəsrsiz başa vuran başqa bir tələbəyə keçir.

 

Yəni təqaüd semestrlik müəyyənləşir.  Əgər bütün imtahanlardan uğurla keçibsə, təqaüd alır. Yox kəsri qalıbsa, bu kəsri növbəti semestr başlayana qədər, yaxud yay  dərslərində iştirak edərək bərpa etsə də təqaüd almır.   Yalnız növbəti semesrtdə kəsri olmasa təqaüd bərpa olur”.

 

E.Süleymanov qeyd edir ki, bu məsələ tələbələrin motivasiyasına heç bir mənfi təsir göstərməyəcək, əksinə onlar arasında rəqabətin yaranmasına səbə olacaq.

“Bu qərar müsbət mənada rəqabətə  və dolayısıyla tələbənin imtahana daha ciddi yanaşmalarına, hazırlaşmalarına səbəb olacaq.  Yəni tələbə hər semestr dərsə ciddi yanaşmalıdır ki, təqaüdü kəsilməsin”.

 

 Xatırladaq ki, dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq,  bakalavr və magisrtaturada təhsil alan tələbələrin təqaüdü onların ümumi orta müvəffəqiyyət göstəricilərinə  görə verilir.Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.