https://www.zirve.edu.az/
22.02.2020 13:39
Summativ qiymətləndirmənin mahiyyətində nə kimi dəyişiklər olacaq?- Rəsmi qərarın təsiri
Çap et

 

Təhsil Nazirliyinin Kollegiyası “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə istisna olmaqla) aparılması Qaydası”nda dəyişiklik edib.

Məsələ ilə bağlı şagird və müəllimləri maraqlandıran əsas məqam diaqnostik qiymətləndirmənin keçirilmə qaydalarına edilən dəyişikliklərlə bağlıdır.

Dəyişikliyə görə, bundan sonra diaqnostik qiymətləndirmə maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılmayacaq. Başqa sözlə, o, dərs ilinin və ya fənn üzrə hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədi daşıyacaq. Bəs, bu, summativ qiymətləndirmənin mahiyyətində nə kimi dəyişikliklərə səbəb olacaq?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Bakı Avropa Liseyinin ibtidai siniflər üzrə direktor müavini Aygün Məcidova xatırladıb  ki, diaqnostik qiymətləndirmə adından məlum olduğu kimi özündə yalnız diaqnostikanı əks etdirirərək formativ qiymətləndirməyə kömək edir:

 “Diaqnostik qiymətləndirmə formativ qiymətləndirmənin alt hissəsidir. Formativ qiymətləndirməni daim diqqət mərkəzində saxlamaq üçün diaqnostikadan istifadə edirik. Ondan ilin əvvəli və ortasında da müəllimin işinin istiqamətləndirilməsi üçün istifadə olunur.

Ümumiyyətlə, ibtidai siniflərdə qiymətləndirməsiz təlimin tərəfdarı olduğuma görə, obyektiv fikrim önəm daşımaya bilər. Əsası olmayan məsələ barədə dəqiq fikir deyə bilmərəm. Amma fikrimcə, ibtidai sinifdə yalnız formativ qiymətləndirmə olmalıdır. Çünki qiymətləndirmənin şagirdə müsbət və mənfi təsirləri də var. Üstəlik şagird və valideynlərin xarakterləri müxtəlifdir. Aşağı qiymət birinə yaxşı, digərinə isə pis təsir edə bilər”.

Aygün xanım formativ qiymətləndirmənin əsas məqsədini belə vurğulayıb:

“Şagirdin nailiyyətini izləyir, səhvlər üzərində işləyir, monitorinq keçirməklə məktəblini hər an nəzarətdə saxlayırıq. Bunun şagirdə yalnız xeyri olur. Bu, şagirdlər arasında rəqabəti aşağı salmır. I siniflərdə tədris aparıram. Amma formative qiymətləndirmənin heç bir mənfi təsirini hiss etməmişəm. Müəllimdən çox şey asılıdır. O elə etməlidir ki, şagirdlər qiymətə çox önəm verməsinlər. Müəllim mövzunu mənimsətməyə çalışmalıdır. Belə olduqda heç kim gözdən kənar qalmaz, qiymətin də heç bir mənası olmaz”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları