Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-18 16:35:00
Qəbul imtahanlarının bilinən tarixi, nəzarətə götürülən məktəblər- Təhsil icmalı

 

 AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

3083 tələbə köçürülmək üçün müraciət edib

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 3083 müraciət qeydə alınıb.

Magistraturaya ərizə qəbulu başa çatıb

Magistraturaya ərizə qəbulu fevralın 13-də başa çatıb. Dövlət İmtahan Mərkəzindən  verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

DİM sınaq imtahanı keçirib

Dövlət İmtahan Mərkəzi 16 fevral tarixində respublikanın 26 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib.

imtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

Qəbul imtahanlarına sənəd qəbulunun vaxtı açıqlanıb

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün  ali təhsil müəssisələrinə və kolleclərə qəbul imtahanlarının vaxtını açıqlayıb. DİM-dən  verilən məlumata  görə  ali təhsil müəssisələrinə və kolleclərə sənəd qəbulu mart ayından etibarən başlayacaq.

Azərbaycanda tələbə koronavirus şübhəsi ilə KTM-yə yerləşdirilib

1 saylı Kliniki Tibbi Mərkəzdə fevralın 12-si saat 17:30-da yoluxucu xəstəliklər şöbəsinə 1 nəfər yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekində təhsil alan tələbədir. Pekindən Abudabi şəhərinə, fevral ayının 12-si isə Abudabidən Bakıya gəlib. Heydər Əliyev adına hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Məktəblərdə qidalanma prosesi xüsusi nəzarətə götürülüb 

Qida Təhlükəsizliyi Agentliyi Təhsil Nazirliyi ilə birlikdə orta və ali məktəblərdə qidalanmaya nəzarət edir.  Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. O, bildirib ki, təhsil müəssisələrində qidalanma prosesi xüsusi nəzarətdədir.  

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları