https://www.zirve.edu.az/
05.02.2020 11:31
SAT imtahanı rekordçusunun uğur sirri – “Mobil telefondan 1 il istifadə etmədim”

 “SAT imtahanına hazırlaşdığım müddətdə mobil telefondan istifadə etmirdim”

“Ölkəmizlə müqayisədə Avropada təhsil daha üstündür”

Bu qeydlər SAT imtahanın yüksək nəticə göstərən Babək Oruczadəyə məxsusdur.

Babək Oruczadə SAT imtahanından yüksək nəticə göstərərək 1500 bal toplayıb.

O, 19 aprel 2003-cu ildə Bakı şəhərində anadan olub.  2009-cu ildə  20 saylı məktəb-liseydə təhsil almağa başlayıb. Daha sonra isə orta təhsilini 6 saylı məktəb-liseydə davam etdirib. 

Əsas təhsil uğuru kimi isə SAT imtahanındakı yüksək nəticəsini qeyd edir. Elə AzEdu.az-a kiçik müsahibəsində də əsasən bu barədə danışıb:

“SAT imtahanına  “Celt Colleges”  kursuna gedərək hazırlaşırdım. Bu imtahan  riyaziyyat və ingilis dili fənlərindən ibarətdir.  SAT  imtahanın riyaziyyat hissəsindən maksimum 800 bal topladım. Amma ingilis dili  hissəsindən isə  maksimum 800 baldan 700 bal əldə etdim. 

SAT imtahanına 7 ay müddətində  hazırlaşdım. İmtahana hazırlaşdığım müddətdə çox çətinliklərim oldu. Mənə ən çox çətinlik yaradan isə müəllimlərin verdikləri ev tapşırıqlarını həll edib, zamanında çatdırmaq idi.

İmtahana hazırlaşdığım müddətdə məktəb müəllimlərim də güzəştlər edirdilər. Bəzən elə  olurdu ki, gecə saat 10-da evə gəlib, saat  4-də  yatırdım. Daha sonra isə səhər saat 7-də oyanıb  məktəbə gedirdim. Bunlar təbii ki, asan məsələ deyil. Amma çox şükürlər olsun ki,  əziyyətimin bəhrəsini gördüm. SAT imtahanında yüksək nəticə əldə etməyim üçün  “Celt  Colleges” İçərişəhər filialının bir çox müəllimləri köməklik  göstərdilər.

İlk uğurun sevinci...

-“SAT imtahanında 1500 bal  topladığımı gördükdə çox sevindim. Çünki  uğur əldə etmək elə hissdir ki, ömürdə az yaşanır. Mən də SAT imtahanından yüksək nəticə əldə etməklə uğur hissini yaşadım. Təbii ki, gələcəkdə daha çox uğurlar əldə etmək istəyirəm. Uğur əldə etmək üçün daha çox üzərimdə çalışmağı planlayıram.

SAT imtahanında yüksək nəticə əldə etməyimdə atamın da  çox  rolu oldu. İmtahana  hazırlaşdığım müddətdə atam mənə qarşı  çox tələbkar idi. Onu da bildirim ki, 1 ildən çox müddətdə  mobil telefondan  istifadə etmədim.

 Ailəm imtahana hazırlaşdığım müddətdə mobil telefondan istifadə etməyimi məsləhət görmədi. Əvvəllər bəzən məndə istifadə istəyi yaranırdı. Daha  sonra isə özüm mobil telefonumu ailəmə həvalə etdim. 

SAT imtahanından əldə etdiyim yüksək nəticəyə görə  ilk növbədə anama və atama təşəkkürümü bildirdim.  Bu uğurum onları çox sevindirdi”.

Babək Oruczadə SAT imtahanında yüksək  nəticə əldə etmək istəyənlərə tövsiyələrini də bildirib:

“SAT imtahanında  yüksək nəticə əldə etmək üçün tələbələr öz üzərlərində çox işləməli, verilən tapşırıqları zamanında etməlidirlər.

Xaricə təhsil almağı hədəfləmişəm.  Düşünürəm ki, ölkəmizlə müqayisədə Avropada təhsil daha üstündür. Xaricdə bakalavr və magistr səviyyəsində təhsil aldıqdan sonra Azərbaycana qayıtmağı planlayıram.

SAT nəticəmə görə,  bir çox ölkələrdə təqaüdlə təhsil ala bilərəm. İlk növbədə Türkiyə, Macarıstan, Almaniyada təhsil almağı düşünürəm. Amma seçim qarşısında qalsam Almaniya universitetlərində təhsil almağı istəyərəm. Çünki, Almaniya universitetlərinin nüfuzu daha yaxşıdır.

Hazırda hər hansı ixtisas üzrə təhsil alacağımı dəqiqləşdirməmişəm.  Amma “Business administration” və ya IT sahəsi üzrə təhsil almağı planlayıram”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları