Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 14:45:00
Azərbaycan Milli Paralimpiya Komitəsi “Bir” Tələbə-Könüllü Proqramı ilə əməkdaşlığa başladı

Yanvarın 27-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb.

AzEdu.az xəbər verir ki, “Könüllülər ili” çərçivəsində keçirilən tədbirdə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qurumun fəaliyyəti, uğurları barədə danışıb, yerli və beynəlxalq yarışların təşkilində tələbə-könüllülərin dəstəyini, ölkədə olan könüllü hərəkatının əhəmiyyətini vurğulayıb.

“Bir” Tələbə-Könüllü Proqramının rəhbəri Canoğlan İlyasov anlaşma memorandumunun əhəmiyyəti, tələbə-könüllülərin beynəlxalq idman tədbirlərinin təşkilinə cəlb olunmasının gənclərin inkişafına verdiyi töhfələr, proqram tərəfindən bu il daha çox üstünlük veriləcək inklüziv könüllülük istiqaməti haqqında danışıb.

Sonra İlqar Rəhimov və Canoğlan İlyasov anlaşma memorandumunu imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd gənclərin könüllülük fəaliyyətinə təşviq edilməsi, idmana və xüsusilə paralimpiya yarışlarına marağın artırılması, gənclərə asudə vaxtlarını səmərəli istifadə etmək üçün əlverişli mühit yaratmaq, tədbirlərin həyata keçirilməsində tələbə-könüllülərin iştirakını təmin etmək, tərəflər arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək, həmçinin inklüziv könüllülüyün inkişafına şərait yaratmaqdan ibarətdir.

Xatırladaq ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin 11 şəhərində yerləşən 44 ali və orta ixtisas təhsili müəssisəsini əhatə edir. Ümumilikdə 23 mindən çox tələbə-könüllü üzvü olan proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Ağdam və Şamaxıda keçirilmiş 550-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət edib, bir sıra tədbir və aksiyalar təşkil edib. 2015-ci ilin dekabrından fəaliyyət göstərən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir. Proqrama könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytından qeydiyyatdan keçə bilərlər.