Alimlər müəyyən ediblər ki, ağcaqanadlar insanları təsadüfi seçmir. Onlar bəzi insanları digərlərindən daha çox dişləyir.
AzEdu.az xəbər verir ki, araşdırmalara görə, ağcaqanadlar ən çox nəfəs alarkən daha çox karbon qazı ifraz edən, bədən istiliyi yüksək olan və dərisindən onları cəlb edən xüsusi qoxular ayrılan insanlara üstünlük verir. Bu səbəbdən eyni məkanda olan iki nəfərdən biri dəfələrlə dişləndiyi halda, digəri demək olar ki, ağcaqanadların diqqətini çəkməyə bilər.
Mütəxəssislər bildirirlər ki, bəzi insanların dərisindən ifraz olunan təbii kimyəvi maddələr ağcaqanadlar üçün cəlbedici olur. Bundan əlavə, spirtli içki qəbul edən şəxslər də daha çox risk altındadır. Çünki alkoqol bədən temperaturunu artırır, karbon qazının ifrazını çoxaldır və bədən qoxusunu dəyişir.
Araşdırmalar uzun illər doğru hesab edilən bəzi fikirləri də təkzib edib. Belə ki, qan qrupu, göz rəngi və ya saç rənginin ağcaqanadların seçimində həlledici rol oynamadığı müəyyən olunub.
Alimlər vurğulayırlar ki, ağcaqanad təhlükəsi yalnız qaşınma ilə məhdudlaşmır. Denqe qızdırması, sarı qızdırma, çikunqunya və malyariya kimi xəstəlikləri yayan ağcaqanad növləri iqlim dəyişikliyi səbəbindən yeni bölgələrə yayılır.
Hazırda tədqiqatçılar ağcaqanadların insanları necə seçdiyini daha dəqiq müəyyənləşdirməyə çalışırlar. Onların fikrincə, bu mexanizmin öyrənilməsi gələcəkdə milyonlarla insanın yoluxucu xəstəliklərdən qorunmasına kömək edə bilər.