Azedu.az

15 yaşdan aşağı istifadəçilər sosial şəbəkələrdən kənarda qalacaq

Maraqlı

18 İyun 2026, 16:18
15 yaşdan aşağı istifadəçilər sosial şəbəkələrdən kənarda qalacaq

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 15 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsi qadağan edilib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, qərar ölkədə uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul olunub.

BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın yaydığı məlumata görə, Nazirlər Kabinetinin qəbul etdiyi yeni qaydalara əsasən, sosial media platformalarından istifadə üçün minimum yaş həddi 15 yaş olaraq müəyyənləşdirilib.

Yeni tənzimləməyə əsasən, 15 yaşdan kiçik uşaqların sosial media hesabı yaratması və ya mövcud hesablarından istifadə etməsi qadağandır. Bundan əlavə, həmin yaş qrupuna aid istifadəçilərin platformaların müxtəlif funksiyalarına çıxışı da məhdudlaşdırılacaq.

BƏƏ-nin Baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum bildirib ki, qərar ölkənin uşaqların rəqəmsal mühitdə qorunması istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Onun sözlərinə görə, bu addım texnologiyadan istifadədə baş verən sürətli dəyişikliklərə uyğunlaşmaq və rəqəmsal təhlükəsizliyi artırmaq məqsədi daşıyır.

Əl Məktum qeyd edib ki, əsas məqsəd uşaqların təhlükəsiz, balanslı və yaşlarına uyğun rəqəmsal mühitdə texnologiyadan faydalanmasını təmin etməkdir. O, həmçinin vurğulayıb ki, valideyn icazəsi yeni qadağa və məhdudiyyətlər üçün istisna sayılmayacaq.

Moskvanı qara duman bürüdü - Putin Kazana qaçdı
Son xəbərlərDaha çox