Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-22 13:48:05
MİQ müsabiqəsindən məntiqin çıxarılması nələri dəyişəcək? – “Suallar çətinləşməyəcək”

“Müəllim hələ də kurikuluma qeyd kimi baxırsa, o, “ixtisasımı bilirəm” deməməlidir”

Bu sözləri AzEdu.az-a Təhsil Nazirliyi nəzdində Təhsil İnstitutunun şöbə müdiri Bibixanım İbadova deyib.

Məlum olduğu kimi, ötən həftə müəllimlərin işə qəbul müsabiqəsində dəyişiklik edildi; məntiq imtahan proqramından çıxarıldı.

Məntiqin proqramdan çıxarılmasının səbəbi isə MİQ müsabiqəsi ilə müəllimlərin sertifikatlaşdırılması  proqramı arasında bərabərlik yaratmaqdır. Belə ki, MİQ-də uğur qazanan namizədlər sertifikatlaşdırmadan azad olacaqlar.

Bibixanım İbadova düşünür ki, məntiq  imtahan proqramından çıxarılmasına baxmayaraq müəllimlər məntiqi təfəkkürü inkişaf etdirəcək sualları cavablaya bilməlidirlər:

“Məntiqin müəllimlərin işə qəbulu müsabiqəsindən çıxarılmasının səbəbi isə MİQ müsabiqəsi ilə müəllimlərin sertifikatlaşdırılması  proqramı arasında bərabərlik yaratmaqdır. Ancaq müəllim məntiqlə bağlı müəyyən bacarıqlara yiyələnməlidir. Çünki müəllim şagirdlərə həm yaradıcı, həm tənqidi,  həm də məntiqi təfəkkürü formalaşdırmalıdır.

Ümumiyyətlə, həyatımız məntiqlə bağlıdır. Müəllimin dərsdə şagirdləri idarəetməsi də məntiqə əsaslanır. Həmçinin, müəllimin şagirdə yanaşması da məntiqlə bağlıdır. Məntiqin MİQ müsabiqəsinin test mərhələsindən çıxarılmasını kimisi alqışlayır kimisi isə yox...  Fikrimcə,  məntiqin imtahandan çıxarılması o demək deyil ki, məntiqi təfəkkür tamamilə təcrid edilir”.

 Təhsil İnstitutunun şöbə müdiri müəllimlərin kurikulumun mahiyyətinin bilməməsindən də söz açıb:

 “MİQ müsabiqəsinin test mərhələsində namizədlərə  ixtisasdan 40,  kurikulumdan isə 20  sual təqdim ediləcək. Müəllim ixtisasla yanaşı kurikulum anlayışlarını da bilməlidir. Amma çox təəssüf ki, kurikulumun mahiyyəti hələ bir çox müəllimlərə aydın deyil. Halbuki, kurikulum müəllimlərin proqram, onların dərsdə apardığı metoddur. 

Müəllim dərsin məzmununu seçməyi bacarmalı  buna uyğun işini qurmalıdır. Yəni strategiyanı seçməyi bacarmalı ona uyğun qiymətləndirməni aparmalıdır. Əgər müəllim hələ də kurikuluma qeyd kimi baxırsa, o, “ixtisasımı bilirəm” deməməlidir. Müəllim ədəbiyyatı  çox yaxşı bilər.   Amma  müəllim ədəbiyyatın məzmununu sinfə gətirməsini, onun strategiyası və qiymətləndirilməsini bilmirsə,  ixtisasdan aldığı biliklər sadəcə “bilik” kimi qalır”.  

“MİQ müsabiqəsində kurikulum üzrə təqdim edilən suallarda ciddi dəyişiklər olmayacaq”

Bu sözləri AzEdu.az-a kurikulum üzrə təlimçi-müəllim Mahir Əhədov deyib.

Mahir Əhədov MİQ müsabiqəsində kurikulum üzrə təqdim edilən sualların çətinlik səviyyəsindən söz açıb:

“Müəllimlərin İşə Qəbulu müsabiqəsində kurikulumdan təqdim edilən suallarda hansı dəyişikliklərin olacağını indidən söyləmək çətindir. Müəllim namizədlərə təqdim edilən sualların çətinlik səviyyəsini MİQ müsabiqəsindən  sonra bilmək mümkündür.  Çünki,  bu məsələ ilə  bağlı Təhsil Nazirliyinin  konkret olaraq proqramı yoxdur. Elə buna görə də, kurikulum üzrə təqdim edilən suallarda pedaqogika və ya metodikanın üstünlük təşkil edib-etməyəcəyi bilinmir.  

Düşünürəm ki, MİQ müsabiqəsində kurikulum üzrə təqdim edilən suallarda ciddi dəyişiklər olmayacaq. Fikrimcə, kurikulum və ixtisas suallarının çətinlik səviyyəsi əvvəlki illərdə olduğu kimi qalacaq”.

Qeyd edək ki, MİQ müsabiqəsinin test mərhələsində ümumi sualların sayı əvvəlki kimi saxlanılır. 40 ixtisas, 20 metodika olmaqla, yenə də nazmizədlərə 60 sual təqdim olunacaq.

Günel Yaşarqızı
Müəllifin digər yazıları