Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-21 15:11:00
Firudin Qurbanov Media Savadlılığı üzrə Mərkəzin "Connections" jurnalına müsahibə verib

“XXI əsrdə texnologiyanın sürətli inkişafı həyatın müxtəlif sahələrinə əhəmiyyətli dərəcədə təsir etdiyi kimi formal təhsildən də yan keçməyib. Bu konteksdə, XXI əsrdə verilən təhsil daha çevik, xüsusilə əldə olunan bilik və bacarığın tətbiqi imkanlarını şərtləndirən bir vasitə olmalıdır”.

Bu sözləri Təhsil nazirinin müavini Firudin Qurbanov Media Savadlılığı üzrə Mərkəzin “Connections” adlı elektron jurnalına müsahibəsində deyib.

 Müsahibəsində tolerantlıq mövzusuna toxunan Firudin Qurbanov bildirib ki, Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət aşılanması əsas yer tutur.

 Nazir müavini media savadlılığı üzrə təhsilin əhəmiyyətinə toxunaraq qeyd edib ki, müasir dövrdə kütləvi kommunikasiya vasitələri və təhsil sistemi şəxsiyyətin formalaşmasında əsas sosiallaşdırıcı institutlar kimi çıxış edir: “Buna görə də təhsil sisteminin inkişaf konsepsiyasının sivilizasiyanın inkişaf səviyyəsinə uyğunlaşdırılması müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Media savadı üzrə təhsil şəxsiyyətin formalaşmasında getdikcə daha çox rol oynayır. XXI əsrdə media təhsili dedikdə, həm də media ilə ünsiyyət mədəniyyətinin formalaşması, kritik düşüncə, yaradıcı və kommunikativ bacarıqların inkişafı, eləcə də digər məsələlər nəzərdə tutulur”.

 Firudin Qurbanov müsahibəsində cəmiyyətimizdə media savadlılığının artırılmasının vacibliyini qeyd edib: “Şübhəsiz ki, biz qlobal təhsildə baş verən dəyişiklikləri, prosesləri təhlil edir, qiymətləndirir və müsbət təcrübəni milli təhsil sistemimizdə tətbiq etməyə çalışırıq. Bu mənada bəhs etdiyimiz media savadlılığı təhsil sahəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təhsil sistemi şəffalıq, vətəndaş məmnunluğu, əlyetərlik, bəşəri dəyərlərin təntənəsi kimi mühüm dəyərləri özündə ehtiva edir. Bu dəyərlərin ölkəmizdə cəmiyyət üzvlərinə çatdırılmasında isə media savadlılığının mühüm əhəmiyyəti danlmazdır. Təhsil sistemində baş verən proseslərin, müsbət dəyişikliklərin insanlara çatdırılması və hər kəsin bu prosesdə bərabər şəkildə iştirakının təmin olunması yolunda ölkəmizdə media təhsili üçün maneə yoxdur”.

F.Qurbanov həmçinin, qeyd edir ki, media savadlıllğının artırılması  bir çox neqativ halların qınanmasına gətirib çıxarar: "Təəssüf ki, son illər qlobal media vasitələrində separatçı rejimlərin təbliği və təşviqi getməkdədir. Bu yanaşma beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, beynəlxalq təhlükəsizlik üçün ciddi maneədir. 

Təsadüfi deyil ki, separatçı rejimlərin fəaliyyətini leqallaşdırmaq məqsədilə beynəlxalq hüquq çərçivəsində tanınmayan ərazilərdə qeyri-qanuni yaradılmış və fəaliyyət göstərən təhsil müəssisələrinin təşviqi aparılır.

Bir sıra hallarda dünya ictimaiyyəti bundan agah olmaya bilər, amma medianın əsas fəaliyyəti bu məsələni işıqlandırmaq və media savadlılığı baxımından insanların əsas missiyası bu kimi halları qınamaqdır. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni yaradılmış rejimin çətiri altında fəaliyyət göstərən təhsil müəssisələrinin beynəlxalq fəaliyyətinə dair məlumat media vasitələrində yayımlandıqda məni məyus edir. Düşünürəm ki, media savadlıllğının artırılması bu kimi halların qınanmasına gətirib çıxarar".

 Media ilə əməkdaşlığın əldə olunmuş müsbət təcrübəsindən danışan Firudin müəllim bildirib ki, Təhsil Nazirliyi artıq bir neçə ildir ki, bu sahədə konkret layihələrlə, təhsil sahəsində media və aşkarlıq problemlərinə dair silsilə tədbirlərin təşəbbüsçüsü kimi çıxış edir: “Bu təşəbbüsdə ölkənin bütün media qurumları, ali təhsil müəssisələrinin mətbuat xidmətləri, təhsil ekspertləri iştirak edir və bu təcrübə bəhs etdiyimiz media savadlılığının yayılmasının mühüm aspektlərindən biri kimi qiymətləndirilə bilər. Bundan əlavə, nazirliyin təşəbbüsü ilə “Təhsil sosial mediada”  layihəsi həyata keçirilir ki, onun məqsədi Azərbaycanda təhsilin inkişafı ilə bağlı strateji hədəflərin reallaşdırılması sahəsində həayta keçirilən islahatyönlü tədbrlərin mahiyyətinin təbliği və təşviqini gücləndirmək, həmin istiqamətdə aparılan maarifləndirmə işlərinin səmərəliliyini yüksəltmək, habelə bu prosesə ictimai dəstəyin genişləndirilməsini təmin etməkdir”.