Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-14 11:54:00
Şagirdləri ilk qızıl medal üçün hazırlayan müəllimdən etiraf:  "Potensiallarını tam üzə çıxara bilmirlər"

Şagirdlərimiz 8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Bu, İnformatika fənni üzrə beynəlxalq olimpiada tarixində ilk qızıl medaldır.

"Uğurun arxasında şagirdlərin bir neçə illik zəhməti dayanır"

AzEdu.az qalibiyyətlə bağlı komandanı yarışa hazırlaşdıran müəlim, komanda rəhbəri Rəşad Məmmədovun fikirlərini öyrənib. Gənc müəllim şagirdlərinin göstəricilərini  təhlil edərək bildirib ki, əslində, qızıl medal şansı yüksək idi:

“Keçən il bu olimpiadada iki tələbəmiz – Abutalıb Namazov və Murad Eynizadə iştirak edərək gümüş medala layiq görüldülər. Bu il isə nəticələri daha da artırdılar. Onlar qızıl, gümüş və bürünc medal qazanıblar. Bunu gələcəkdə keçiriləcək beynəlxalq olimpiada (IOI) üçün başlanğıc kimi qiymətləndirirəm. Yayda keçiriləcək IOI olimpiadasında medal qazanacağımıza ümid edirəm.

Bu uğurun arxasında şagirdlərin bir neçə illik zəhməti dayanır. 4-5 ildir bu sahə ilə məşğuldurlar. Şagirdlərlə şəxsən özüm işlədiyimə görə, əsas problemlərini görə bilirəm. Bu, müəllim potensialı ilə bağlıdır. Bəzən xaricdən iki həftəlik müəllim dəvət edirik, şagirdlərlə onlar məşul olurlar. Məktəblilər özləri işləməyə, əziyyət çəkməyə çalışırlar”.

"Potensiallarını tam üzə çıxara bilmirlər. Amma nəticələri təqdirəlayiqdir"

Nəticələrə ümumi nəzər saldıqda isə Rəşad müəllim belə cavab verib:

“Nəticələr olimpiadanın saytında yerləşdirilib. Dəqiqliyi ilə yadımda qalmasa da, deyə bilərəm ki, bu il Gürcüstandan qızıl medal qazanan olmayıb. Qızıl medala layiq görülən ölkələr sırasında isə Ruminiya, Rusiya və digər ölkələrin şagirdləri var. Yarışmada 24 ölkə iştirak edib.

Müəllim potensialı baxımından bu ölkələrin, xüsusilə də Rusiyanın əlində çox imkanlar var. Buna görə də potensialları daha qabarıq üzə çıxır. Bizim şagirdlər də eyni, bəlkə də daha çox potensiala sahibdirlər. Amma çox az mütəxəssislə işləyə bilirlər. Buna görə, üzərilərinə çox zəhmət düşür. Potensiallarını tam üzə çıxara bilmirlər. Amma nəticələri təqdirəlayiqdir.

Ümumiyyətlə, bu, addım – addım  gedən prosesdir. Keçən il göstərdiyimiz nəticə də indiyə qədər olimpiadada ən yaxşı nəticədir. Əsas hədəfimiz yayda keçiriləcək beynəlxalq olimpiada, IOI-da medal qazanmaqdır”.

Qeyd edək ki, informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazovun qazandığı qızıl medal bu fənn üzrə beynəlxalq olimpiadalar tariximizdə qazandığımız ilk qızıl medaldır.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi isə Azercell Telekom MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları