https://www.zirve.edu.az/
10.01.2020 10:41
Yevlax məktəbindəki partlayışın geniş təfərrüatları-Son durum
Çap et

Dünən gecə saatlarında Yevlax rayonunda orta məktəbdə partlayış baş verib. Məlumata görə, hadisə 1 saylı orta məktəbin qazanxanasında yaşanıb. Nəticədə məktəbin gözətçisi Ramiz Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

AzEdu.az gözətçinin son durumu və hadisənin təfərrüatlarını öyrənmək məsədilə hadisənin yaşandığı Yevlax şəhər 1 nömrəli tam orta məktəblə əlaqə saxlayıb. Məktəbin direktor müavini Aftandil Mikayılov deyib ki, həkimin sözlərinə görə, gözətçi 5 günə, 1 həftəyə xəstəxanadan çıxacaq:

“Gözətçinin vəziyyəti stabildir. Özü ilə də, həkimi ilə də danışmışıq”.

Direktor müavini bildirib ki,  partlayışın şagirdlərin davamiyyətinə heç bir təsiri olmayıb:

“Məktəb müasir standartlara uyğun tikilib. Otaqlar komfort şəraitdədir. Elə o vaxtdan yanan istiliyin təsiri hələ getməyib. Bütün şagirdlər dərslərinə davam edirlər. Dərslərimizi şəraitə uyğun qurmuşuq. Günorta növbəsində təhsil alan şagirdlərə sonuncu saatlarda olan təsviri incəsənət, fiziki tərbiyə dərslərini güzəştə gedirik ki, soyuqda çox qalmasınlar. Amma digər fənlər normal qaydada tədris olunur.

Təmir işləri ilə bağlı bütün əlaqəli strukturlar fəaliyyət göstərməkdədirlər. Rayon Təhsil Şöbəsi hadisə baş verən  andan ərazidə olub, tapşırığını verib. Su idarəsi, qaz idarəsi, Fövqaladə Hallar Nazirliyinin regional şöbəsi – hər biri burada olub”.

Məktəbin direktor müavini hadisənin təfərrüatlarını belə izah edib:

“Gecə saat 3-də iş yerində qəza baş verib. Gözətçi qapı–pəncərələri yoxlayarkən qazanxanaya da baş çəkib. Qapıya baxmaq üçün əlindəki alışqanı yandırmaq istəyib və patlayış baş verib. Hər şey qaydasındadır. Narahatlığa əsas yoxdur. Gözətçi sağaldıqdan sonra öz işinə qayıdacaq”.

Qeyd edək ki, hadisə gecə saatlarında baş verdiyindən şagird və müəllimlərdən zərər görən olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları