Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 20:26:00
Bu  Azərbaycan Universitetinin diplomu ABŞ-da tanınacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Nyu-York Şəhər Universitetinin Barux Kollecinin Ziklin Biznes Məktəbi arasında magistratura pilləsi üzrə ikili diplom müqaviləsi imzalanıb.

ADNSU-dan  AzEdu.az-a  bildiriblər ki, bu ali məktəbin rektoru, professor Mustafa Babanlının Nyu-York Şəhər Universitetinin Barux Kollecinin Ziklin Biznes Məktəbinin akademik işlər və innovasiyalar üzrə dekan müavini Qing Hu ilə görüşündə maliyyə üzrə magistr səviyyəsində ikili diplom proqramı barədə müzakirələr aparılıb. Proqramın tətbiq olunacağı ixtisas, qəbul və seçim qaydaları, tələbələr üçün yaradılacaq imkanlar və tərəfdaşların öhdəliklərinə dair fikir mübadiləsi olub. Eyni zamanda, proqramın iqtisadiyyat və menecment ixtisası üzrə magistratura pilləsi üçün nəzərdə tutulduğu vurğulanıb.

Qeyd edilib ki, ADNSU-da iqtisadiyyat və menecment ixtisası üzrə təhsillərini magistratura pilləsində davam etdirəcək tələbələr tədris müddətinin bir ilini Nyu-York Şəhər Universitetinin Barux Kollecinin Ziklin Biznes Məktəbində davam etdirməklə hər iki universitetin diplomunu ala biləcəklər.

Xatırladaq ki, ADNSU ilə Nyu-York Şəhər Universitetinin Barux Kollecinin Ziklin Biznes Məktəbi arasında əməkdaşlığın qurulması istiqamətində iş hələ 2018-ci ildən başlanıb. Ötən ilin noyabr ayında Nyu-York Şəhər Universitetinin nümayəndə heyəti Azərbaycana səfər edərək ADNSU-da tədrislə tanış olub. Elə həmin səfər çərçivəsində 3 ixtisas (MS in Finance (MSF), MS in Master of Science in Information Systems (MSIS), MS in Master of Science in Marketing (MSM) üzrə Ziklin Biznes Məktəbi və ADNSU arasında əməkdaşlıq sazişinin imzalanması məsələsi müzakirə olunaraq tərəflər arasında razılığa gəlinib.

1919-cu ildə yaradılmış Ziklin Biznes Məktəbi dünyanın ən qocaman biznes məktəblərindən biridir. Ziklin Biznes Məktəbi Nyu-York Şəhər Universitetinin AACSB (İdarəetmə Təhsili üçün Beynəlxalq Assosiasiya) tərəfindən akkreditasiya olunmuş yeganə struktur vahididir.