Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-02 14:16:00
Müəllimlər kollektivlə münasibətdə bu qaydalara əməl etməlidirlər - Qanuni bilgi

Müəllimlərin etik davranış qaydaları təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.

Bu qaydalar "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına və "Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə uyğun hazırlanıb.

Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir və bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir.

AzEdu.az müəllimlərin kollektivlə münasibəti qaydalarını təqdim edir:

-Müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır. Təhsilalanlar və digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir.

-Müəllim öz həmkarının peşəkar baxış və fikirlərinə hörmətlə yanaşmalıdır.

-Müəllim pedaqoji münasibətlərdə əsassız münaqişə və mübahisələrə yol verməməlidir. Münaqişə yarandıqda isə onun konstruktiv həllinə çalışmalıdır.

-Müəllim ümumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə yol verməməlidir.

-Müəllim həmkarlarının fəaliyyətini düzgün qiymətləndirməli, onların səhvlərinə göz yummamalı, fikir və baxışlarına yönəlmiş tənqidləri təhqirə çevirməməlidir, tənqid əsaslandırılmış, dəqiq və xoşniyyətli olmalıdır.

-Müəllim öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmalıdır.

Qeyd edək ki, bu qaydalar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilib.