https://www.zirve.edu.az/
06.12.2019 17:20
“Məni bu sahəyə kimya müəllimim həvəsləndirdi” - Olimpiadalar qalibi

AzEdu.az xəbər verir ki, Modern.az saytında bilik yarışlarının - beynəlxalq və fənn olimpiadalarının qalibləri ilə silsilə yazılara davam etdirilir.

Təhsil Nazirliyi ilə Modern.az-ın birgə layihəsinin məqsədi oxucuları bilikli məktəblilər və istedadlı gənclərin uğurları ilə tanış etməkdir.

Layihənin budəfəki qonağı Əli Əliyevdir. Əli Əliyev hazırda Bakı Ali Neft Məktəbində təhsil alır.

Olimpiada qalibi deyir ki,  bilik yarışmasına maraq göstərməsində kimya müəlliminin dəstəyi olub:

“Bakı şəhərində anadan olmuşam. 8-ci sinfə qədər Xəzər rayonu, Zirə qəsəbəsi 120 saylı tam orta məktəbdə təhsil almışam. 9, 10, 11-ci sinifləri Kimya-Biologiya təmayüllü respublika liseyində bitirmişəm. 8-ci sinifdə orta məktəbdəki kimya müəlliməmin də dəstəyi ilə Məktəblilərarası Fənn Müsabiqəsində iştirak etdim və Bakı şəhəri üzrə qalib oldum”.

“Ailəm mənə dəstək olub”

BANM-ın tələbəsi ailəsinin də dəstəyindən söz açıb:

“Məktəblilərarası Fənn Müsabiqəsində  yer tutmağım olimpiadalara hazırlıq mərkəzinə qəbul olunmaq üçün mənə yol açdı. 2016-cı ildə burada artıq yerli və beynəlxalq fənn olimpiadalarına hazırlaşmağa başlamışdıq. Hazıqlıq prosesində ailəm mənə mənəvi cəhətdən çox dəstək olmuşdu. 9-cu sinifdən etibarən respublika və beynəlxalq elm olimpiadalarında iştirak etməyə başladım”.

Əli Əliyev olimpiadalarda qazandığı medallardan da danışıb:

Respublika üzrə 2017-də gümüş, 2018-də qızıl mesal almışam , 2019-da birincilər birinciliyi olmuşam. Beynəlxalq aləmdə  2-ci Beynəlxalq Meqapolislər Olimpiadasında bürünc, 3-cü Beynəlxalq Meqapolislər Olimpiadasında qızıl, 17-ci Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında bürünc, 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc, 51-ci Beynəlxalq Kimya Olimpiadasında gümüş medal qazanmışam. 17-ci Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasından başqa, mükafatların hamısı sırf kimya fənni üzrə qazanılıb. Həmin olimpiada kimya, fizika və biologiya fənləri üzrə idi”.

“Azərbaycanda təhsil yetərlidir”

Olimpiada qalibi deyir ki, ölkədə ali təhsil almağı daha çox istəyib:

“Hazırda  kimya mühəndisliyi ixtisasında təhsil alıram. Kimya fənni mənə maraqlı olduğu və keyfiyyətli materialların istehsalı gələcək inkişaf üçün vacib olduğuna görə bu ixtisası seçdim. Dərslərimin yaxşı keçdiyini deyə bilərəm. Kimya mühəndisliyi yalnız bakalavr səviyyəsini tələb edir. Ona görə də Azərbaycanda  təhsil məncə yetərlidir. Gələcəkdə ölkəmizdə işləmək istədiyimə, təhsil aldığım universitet də yaxşı iş imkanları yaratdığına görə, xaricdə təhsil almağı seçmədim”.