Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 14:05:00
Gənc müəllimlərimiz

Onlar kənd məktəblərini seçib

Ölkəmizdə müəllim əməyinə göstərilən dövlət qayğısı  gənclərin bu peşəyə həvəsini  artırmaqla yanaşı, həm də öz bacarıq və imkanlarını göstərməsi üçün münbit şərait yaradıb. Son illər ölkəmizdə müəllim nüfuzunun artmasının mühüm göstəricilərindən biri də regionlarda və ucqar yaşayış məntəqələrində məktəblərin yenilənməsi  və gənc müəllimlərin kənd məktəblərinə  üz tutması ilə bağlıdır.  Növbəti təqdimat  müəllimlərin işə qəbul imtahanlarında (MİQ) yüksək bal toplayaraq  kənd məktəblərini seçən  gənc müəllimlər barədədir. 

 “Ucqar kənd məktəbini seçməyim  öz arzum olub”

Xatın Həsənova 28 dekabr  1995-ci il tarixində Ağcabədidə anadan olub.  Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur.   Son 6 ilə yaxın Bakı şəhərində yaşayıb. Bu il MİQ imtahanında 56 toplayıb və  müəllim kimi iş yeri olaraq Quba rayonunun Əlik kəndini seçib. Hazırda həmin kənddə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

MİQ imtahanı çox asan keçdi. İmtahanlara necə hazırlaşmağıma gəlincə, düşünürəm ki, heç bir kursa ehtiyac yoxdur. Həm ixtisas,  həm də metodika və məntiqdən evdə məsuliyyətlə hazırlaşmaqla yüksək bal yığmaq mümkündür. Bir şeyi də qeyd edim ki, imtahana may ayından hazırlaşmışdım, ancaq müəllim həmkarlarım indidən hazırlaşsalar, daha yüksək  bal yığa bilərlər.

Ucqar kənd məktəbini seçməyim isə öz arzum olub.  Aran ərazidə  böyüdüyüm üçün dağ həyatı, insanları və orada təhsil alan uşaqların təhsili məni daim maraqlandırırdı. Şəhər və adi kənd məktəblərində uşaqların təhsili üçün hər bir imkanları olsa da, dağ məktəblərində belə deyil.

Təyinat aldığım kəndin əhalisi,  həm də müəllim kollektivi məni hörmətlə qarşıladılar. Olduqca mehriban insanlardır.

 Müəllim uşağın ikinci valideynidir. Uşağın tərbiyəli, savadlı böyüməsində müəllimin rolu böyükdür.

 “Ən böyük mükafatım şagirdlərimin təbəssümlə mənə baxan işıqlı gözləridir”

 Şahid Muradlı  14 yanvar 1990-cı ildə Bakı şəhərində anadan olub. 2011-2015-ci illərdə Qafqaz Universitetində (Bakı Mühəndislik Universitetində)   təhsil aldıqdan sonra MİQ imtahanında iştirak edib.  Bakı şəhərindən İsmayıllı rayonu İstisu kənd tam orta məktəbinə yollanıb. Artıq 5 ildir ki, həmin kənddə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.  Şagirdlərinə sevgisi və işinə olan həvəsi,  məktəb rəhbərliyinin dəstəyi ilə həyata keçirdiyi tədbirlər Təhsil Nazirliyi, rayon təhsil şöbəsi  tərəfindən qiymətləndirilib.

 -  Düşünürəm ki, evimdən uzaqda olsa belə, ucqarlarda təhsil alan uşaqlara bilik vermək üçün bu məsafəni qət etməyə dəyər. Şərəfli müəllim adı və bu peşənin məsuliyyəti mənə çətinlikləri dəf etməyə imkan verir. Ən böyük uğurum şagirdlərimi layiqli vətəndaş kimi yetişdirmək, ən böyük mükafatım isə onların təbəssümlə mənə baxan işıqlı gözləridir.

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)