Bu gündən etibarən yeni tədris ili başladı. Məktəb həyatı ilə ilk dəfə tanış olacaq uşaqlar arasında şəhid övladları da var.
Onlar üçün bu gün bir tərəfdən yeni başlanğıc, digər yandan isə təəssüf ki, atalarının yoxluğunun daha dərindən hiss olunduğu gündür. Onlardan biri də şəhid Elşən Müslümovun qızı Elnaz Müslümovadır. Elnaz Bakı İstanbul Liseyinin 1-ci sinfinə qədəm qoyub.
Elşən Habil oğlu Müslümov 2 sentyabr 1995-ci ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olub. Əslən Ağsu rayonunun Kalva kəndindəndir. Təhsilini 2002-ci ildə 286 saylı tam orta məktəbdə alıb. 2011- ci ildə Bakı Humanitar Kollecin "Turizm və otellərin idarə olunması" ixtisasına daxil olub. Uşaq yaşlarından karate ilə məşğul olub. N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb.
Nümunəvi hərbi xidməti zamanı çavuş rütbəsinə layiq görülüb, həm manqa komandiri, həm də məxfi rabitəçi olub. Təlimlər zamanı atıcılıq üzrə yüksək yer tutub. Hərbi xidmətini 2016- cı ildə Fəxri fərman və təşəkkürnamə ilə başa vurub. Elşən Müslümov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılıb. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. 8 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. 13 oktyabrda Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib.
AzEdu.az bugün məktəbə ilk dəfə qədəm qoyan şəhid övladları və ailəsiylə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
Şəhidin qızı Elnaz Müslümova söyləyib ki, bu günün onun həyatında yeni və gözəl başlanğıc olub:
"Yeni müəllimlərim və dostlarımla tanış oldum. Məktəbə başlayanda ən çox həyəcanlandım, sonra isə böyük sevinc hissi keçirdim.
Gələcəkdə uşaq həkimi olmaq istəyirəm. İnsanlara, xüsusilə uşaqlara kömək etmək mənim ən böyük arzularımdan biridir. Atamla bağlı hər şey mənim üçün çox dəyərlidir. Onun necə qəhrəman və igid olduğunu, məni necə çox sevdiyini eşidib-bilmək mənim üçün böyük qürurdur. Atamın igidliyi və xüsusilə mənə olan sevgisi haqqında eşitdiklərim həmişə yaddaşımda qalacaq.
Atam torpağımızı düşmənlərdən qoruyub. Onun göstərdiyi igidlik mənim üçün əsl qəhrəmanlıq nümunəsidir. Atamla fəxr edirəm. Bayrağımızın gözəlliyi, şəhidlərin qəhrəmanlığı və şəhid qızının söylədiyi nitq məni çox duyğulandırır. Mən Vətənimlə, bayrağımla və qəhrəman atamla fəxr edirəm".
Şəhid Müslümovun həyat yoldaşı Nəzrin Müslümova qızının ilk məktəb günündə atasının da onun əlindən tutaraq məktəbə birlikdə addımlamasını çox arzuladığını dilə gətirib:
"Əslində, valideynlərin çoxunda belə hisslər olur. Amma bizim kimi həssas durumda olan valideynlərdə hisslər daha fərqlidir; həm qürur duyursan, həm sevinirsən ki, artıq övladın şagird olur, yeni bir həyata qədəm qoyur. İnşallah, atdığı addımlar da onun üçün uğurlu olar. Sadəcə, həmişə içimizdə bir boşluq var. Elşən cismən bizimlə olmasa da, onu həmişə ruhən yanımızda hiss edirik. Mən daima hiss edirəm ki, yanımızdadır, arxamızdadır, dayağımızdır. Hansı addımı atırıqsa, onu yanımızda hiss edirəm.
Amma istər-istəməz kədər də var. Çünki istəyərdim ki, qızım ilk məktəb günündə atasının və mənim əlimizdən tutaraq məktəbə addım atsın. Bu, çox çətindir. Amma qızıma da bunu aşılayıram ki, böyüdükcə atasını daim yanında hiss etsin və onun haqqında hər zaman fəxr və qürurla danışsın. Kədərimizi bir qırağa qoyub, qızıma atasının necə vətənpərvər, igid, cəsur döyüşçü olduğunu anlatmağa çalışıram. İstəyirəm ki, o, atasını həmişə qürurla tanısın".
Qızım atasını xatırlamasa da, onun sevgisini hiss etsin deyə hər gecə Elşən haqqında danışdığım nağılla yatırdıram:
"İlk növbədə istəyirəm ki, qızım xoşbəxt və sağlam böyüsün. Sözün açığı, onu öz istəyinə buraxacağam. Hansı peşəni daha çox istəyirsə, ona yönəlsin. Düzdür, hələ uşaqdır, özü həkim olmaq istəyir. Amma böyüdükcə insanın fikirləri çox dəyişə bilir. Bəlkə də böyüyüb atasının onu balacalıqda polis kimi görmək istədiyini dərk edəndən sonra həmin peşəni seçəcək. Bunu dəqiq deyə bilmirəm. Əsas odur ki, gələcəyi uğurlu, canı sağlam olsun. Seçimi özünə buraxacağam.
Qızım atasına çox oxşayır. Ümumiyyətlə, görünüşcə də Elşənə çox bənzəyir. Danışığı, görünüşü, hətta hərəkətlərinə qədər elə bil ki, yoldaşım yenidən onun simasında böyüyür. Bəzən qayınanamgil də deyirlər ki, elə bil Elşən təzədən böyüyür. Çox oxşayır. Yeməklərdə seçici olması belə atasındandır. Hər yeməyi yemir. Yəni tam olaraq atasıdır elə bil. Atası kimi vətəninə də çox bağlıdır. Himni, bayrağı çox sevir. Vətənpərvər şeirlərə üstünlük verir. Bunları da xüsusi qeyd etmək istəyirəm.
Əvvəllər, uşaq olanda, təxminən 3-4 yaşlarında atasını soruşurdu. Məndən istəyirdi ki, onun haqqında danışdıqlarımı nağıla çevirim, ona danışım. Mən də özüm bir nağıl yaratmışdım Elşən haqqında, onun döyüş yolu haqqında. Hər gecə həmin nağılla yatırdı qızım. Tam anlamasa da, şəhidliyin nə olduğunu, necə döyüşdüyünü hələ bilmirdi. Amma mən ona hər şeyi olduğu kimi danışırdım. Deyirdim ki, atanı çağırdılar, o, vətənpərvər döyüşçü idi, Qarabağımızı azad etmək, millətimizi qorumaq üçün getdi və bu yolda şəhid oldu.
Atasını şəkillərdən tanıyır. Onsuz da 6 aylıq uşaq ikən gördüyü üçün heç nə xatırlaya bilməz. Sadəcə çəkdiyimiz şəkillərə, yadda qalan videolara baxırdı. Mən də ona bacardığım qədər atasını tanıtmağa çalışıram. Ən çox da ona atasının onu çox sevdiyini aşılayıram. Çünki Elşənin qızına dediyi bir söz var idi. Dayanmadan ona deyirdi: “Ata sənə qurban olsun, ata sənə heyran olsun”. Mən də çalışıram ki, qızım atasının sevgisini hiss etsin. Əlimdən gəldiyi qədər, bacardığım qədər onun sevgisini qızıma hiss etdirməyə çalışıram".