Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 13:47:00
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir

Noyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” öz işinə başlayıb.

AzEdu.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada keçirilən simpoziumda azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən yüzə yaxın alim iştirak edir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləridən söz açıb, bu əlaqələrin qədim tarixi köklərə bağlı olduğunu söyləyib, hazırda iki ölkə arasında bütün sahələrdə güclü həmrəyliyin uğurla davam etdirildiyini bildirib.

Akademik diqqətə çatdırıb ki, Türkiyə-Azıərbaycan birliyinin fəlsəfəsini ən mükəmməl şəkildə ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət” kəlamı ilə ifadə edib. Bütün beynəlxalq təşkilatlarda Türkiyə hər zaman Azərbaycanla bağlı məsələlərdə ölkəmizə böyük dəstək verib. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birliyinə və qardaşlığına xüsusi əhəmiyyət veriblər və bu siyasət hazırda uğurla davam etdirilir. Bütün bunlar iki ölkə arasında böyük tarixi ənənələrə malik dostluq və qardaşlıq əlaqələrinin XXI əsrdə yeni bir müstəviyə gəlib çıxması ilə nəticələndi. Bu birlik digər türk dövlətləri üçün də böyük örnək, mükəmməl bir nümunədir. Azərbaycan-Türkiyə elmi əlaqələri də böyük sürətlə inkişaf edir. Hər il AMEA-da Türkiyə elmi, ədəbiyyatı ilə bağlı müxtəlif tədbir, simpozim, konfranslar keçirilir. Aparılan birgə elm siyasəti həm Türkiyədə, həm də ölkəmizdə elmi mühitin inkişafına öz töhfələrini verir.

İsa Həbibbəyli bildirib ki, simpoziumda Qara dəniz beynəlxalq sosial elmlər dərgisinin redaksiya heyətinin üzvləri ilə birgə hər iki ölkə arasında elmi əlaqələr müzakirə olunacaq. Azərbaycan alimlərinin əsərlərinin ən çox nəşr olunduğu ölkə də məhz qardaş Türkiyədir. Türkiyənin bütün institutlarının, akademik qurumlarının jurnallarında alimlərimizin müxtəlif sahələrdə məqalələri çap olunur. Həmin dərgilərin redaksiya heyətində azərbaycanlı alimlər təmsil olunurlar. Eyni zamanda, akademiyanın müxtəlif institutlarının nəşrlərinin redaksiya heyətinin üzvləri qardaş ölkənin alimləridir. Bu əlaqələr iki ölkə arasında elm sahəsində yeni ideyaların yaranmasına, birliyin daha da möhkəmləndirilməsinə mühüm töhfəsini verir.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, professorlar Ərdoğan Altınkaynak, Roin Kavrelişvili və digər çıxış edənlər beynəlxalq simpozimun işinə uğurlar arzulayıblar.

Simpozium işini bölmə iclaslarında davam etdirib. Üçgünlük beynəlxalq tədbirdə ümumilikdə 96 məruzə dinləniləcək.