Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 15:00:00
Rezidentlərin  elmi-təcrübi konfransı öz işinə başlayıb

Rezidentlərin 6-cı  elmi-təcrübi konfransı öz işinə başlayıb.

AzEdu.az xəbər verir ki,  Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ATU rezidentlərinin 6-cı (ATUREK 6) elmi-təcrübi konfransı öz işinə başlayıb. Konfransdan öncə ATU-nun rektoru, professor Gəray Gəraybəyli rezidentlərin hazırladığı posterlərə baxış keçirib. Daha sonra tələbələrin ifasında universitetin himni səsləndirilib və konfras açıq elan olunub.

Konfransda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli tədbirin əhəmiyyətindən söz açıb. Rektor bildirib ki, dünyanın bir çox ölkələrində baş verən geosiyası proseslərin mürəkkəbliyinə baxmayaraq, cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq səviyyədə öz layiqli yerini tutmaqdadır. O qeyd etdi ki, ölkədə bütün sahələrdə olduğu kimi, tibb sahəsi də ildən-ilə inkişaf edir: “Artıq yeddinci ildir ki, Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti ölkədə tibb sahəsində strateji əhəmiyyət kəsb edən rezidentura təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması prosesində uğurla çalışır. Qeyd edim ki, 2011-ci ildən bu günədək ATU-nu 36 ixtisas üzrə 500-dək rezident bitirərək, həkim-mütəxəssis adını alıb və onlar respublikamızın müxtəlif klinikalarında, eyni zamanda bəzi kafedralarımızda assistant və doktorant kimi fəaliyyət göstərirlər. Məzun rezidentlərimizin həkim-mütəxəssis kimi yetişməsində universitetimizin müasir klinikaları və orada çalışan əməkdaşların rolu böyukdür”.

Rektor G. Gəraybəyli qeyd edib ki, hazırda universitetdə 30-dan çox ixtisas üzrə təqribən 530 rezident öz kliniki və elmi təcrübi bacarıqlarını artırır. Onun sözlərinə görə, hər il 70-dən çox rezident Türkiyənin təxminən 10 klinikasında, habelə Almaniya, İsveç, Norveç, Fransa və digər xarici ölkə xəstəxanalarında 3-10 ay müddətində rotasiyada olur: “Bəzi rezidentlərimiz isə öz rəhbərləri ilə bərabər həmin ölkələrdə elmi konfranslarda, simpoziumlarda iştirak edirlər. Eyni zamanda, hər ilin may ayında ulu öndər Heydər Əliyevin doğum gününə həsr edilən ATUREK adı altında rezidentlərin elmi-təcrübi konfransı keçirilir. Bu il artıq altıncı dəfədir ki, keçirilən elmi-təcrübi konfransımız əlamətdar bir dövrə təsadüf edir. Belə ki, respublikamızda həm ulu öndər Heydər Əliyevin 95-illiyi, həm də Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi qeyd edilir”.

Qeyd edək ki, bu il ATUREK-6 altında keçirilən konfransa 25 ixtisas üzrə 150 elmi iş təqdim edilib, onlardan da 22 iş digər 9 bazaya aiddir. Artıq keçən ildən Azərbaycan Tibb Universiteti ilə bərabər digər bazalardan olan rezidentlər də öz elmi işləri ilə ATUREK-də fəal iştirak etməyə başlayıblar. Bu il həm də ilk dəfə olaraq pediatriya, kardiologiya, cərrahiyyə və şüa diaqnostikası ixtisasları üzrə seminarlar və kurslar təşkil edilib. Gələcəkdə bu kimi kursların sayının daha da artırılması nəzərdə tutulub.

Qeyd edək ki, 2 gün davam edəcək konfransın sonunda iştirakçılara sertifikat təqdim olunacaq.