Prezident İlham Əliyevin yaşı 70-i ötmüş vəzifə sahiblərinin istefa mədəniyyəti göstərmələri üçün etdiyi çağırışa Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 85 yaşlı prezidenti Akif Əlizadə də dəstək verib. Belə ki, 2018-ci il iyunun 8-də AMEA-nın 66 həqiqi üzvünün səsini alaraq, növbəti beş il müddətinə yenidən AMEA-nın prezidenti seçilən A.Əlizadə 2023-cü ili gözləmədən bu gün istefa verib.
AzEdu.az Modern.az-a istinadən məlumat verir ki, 1945-ci ilin yanvarında yaradılan Elmlər Akademiyasının indiyə kimi 10 prezidenti olub. Həmin prezidentlərin işlədikləri dövrləri və haqlarında qısa məlumatı təqdim edirik.
Mirəsədulla Mirqasımov
Mirəsədulla Mirqasımov 1883-cü il noyabrın 17-də Bakıda anadan olub. M.Mirqasımov 62 yaşında - 1945-1895-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və bu Akademiyanın ilk prezidenti seçilib. Akademik Mirqasımov 19 iyul 1958-ci ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Musa Əliyev
M.Əliyev 1908-ci ildə Şamaxı şəhərində doğulub. O, 42 yaşında- 1950-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub. Akademik Musa Əliyev 1985-ci ildə Moskvada vəfat edib, Bakıda dəfn edilib.
Yusif Məmmədəliyev
Yusif Məmmədəliyev 1905-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olub. Y.Məmmədəliyev ilk dəfə 42 yaşında - 1947-50 və 1958-61-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti olub. Y.Məmmədəliyev 1961-ci ildə vəfat edib
Zahid Xəlilov
Zahid Xəlilov 1911-ci il fevralın 14-də Tiflis şəhərində anadan olub. O,51 yaşında- 1962-1967 illərdə Azərbaycan SSR EA-nın prezidenti olub. Akademik Zahid Xəlilov 1974-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.
Rüstəm İsmayılov
Rüstəm İsmayılov 1909-cu il iyulun 1-də Bakı şəhərində anadan olub. R.İsmayılov 1967-1970-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti olub. Akademik Rüstəm İsmayılov 1972-ci ildə Bakıda vəfat edib.
Həsən Abdullayev
Həsən Abdullayev 20 avqust 1918-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulub, 1 sentyabr 1993-cü ildə Bakıda vəfat edib. H.Abdullayev 52 yaşında -1970-ci ildən 1983-cü ilədək Azərbaycan Elmlər Akademiyasının prezidenti olub.
Eldar Salayev
Eldar Salayev 1933-cü il dekabrın 31-də Naxçıvan şəhərində anadan olub. O, 50 yaşında 1983-1997-ci illərdə AEA-nın prezidenti olub. Bu il dekabrın 31-də 86 yaşı olacaq.
Fəraməz Maqsudov
Fəraməz Maqsudov 1930-cu il martın 20-də Naxçıvan şəhərində doğulub. F.Maqsuov 67 yaşında, 1997-2000-ci illərdə AMEA prezidenti olub. Akademik 2000-ci ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.
Mahmud Kərimov
Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə Yerevan şəhərində anadan olub. Mahmud Kərimov 53 yaşında - 2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. 2013-cü ildə vəfat edib.
Akif Əlizadə
Akif Ağa Mehdi oğlu Əlizadə 25 fevral 1934-cü ildə Bakıda şəhərində doğulub. A. Əlizadə 79 yaşında AMEA rəhbərliyinə gəlib. 2013-cü ildən 23 oktyabr 2019-cu ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.
kitabı