Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 17:47:52
“Tədris standartlarının hazırlanmasında universitetlərə müstəqillik verilməlidir”- REKTOR

Mayın 3-də UNEC-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycan ali iqtisad təhsili” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib. 

AzEdu.az xəbərinə görə, öncə konfrans iştirakçıları ulu öndərin büstünü ziyarət edərək, önünə gül dəstəsi düzüb, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. UNEC-in tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. 

Dövlət himni səsləndirildikdən sonra UNEC-in rektoru, professor Ədalət Muradov qara qızılın insan kapitalına çevrilməsi istiqamətində qəbul edilən dövlət proqramlarının ölkəmizə təhsilin bütün pillələrində ciddi nailiyyətlər qazandırdığını bildirib. UNEC-in Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olduğunu diqqətə çatdıran rektor, bu ali təhsil ocağının inkişaf strategiyasının əsasında ulu öndərin tövsiyələrinin dayandığını diqqətə çatdırıb. 

UNEC-in Şimalı Amerika və Qərbi Avropanın tanınmış universitetləri ilə bir sırada olmağı qarşısına məqsəd qoyduğunu bildirən rektor, 20 minə yaxın tələbə kontingenti olan bu ali təhsil ocağının orta müddətdə həmin rəqəmi 35 minə çatdırmaq istiqamətində gördüyü işlərdən bəhs edib. “Bu, həm də qarşımızda keyfiyyətli təhsilin təmin edilməsi vəzifəsini qoyur”, deyən rektor, ali iqtisadi təhsil bazarında ədalətsiz rəqabət riski olduğunu diqqətə çatdırıb. O, bu rəqabəti təmin etmək üçün ali təhsil müəssisələrinə tədris standartlarının hazırlanmasında müstəqillik verilməsini qaçılmaz adlandırıb. Ə.Muradov QS reytinqinə görə İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya universitetləri arasında iqtisadyönümlü 4-cü universitet olan UNEC-in birinciliyi əldə etməyə iddialı olduğunu bildirərək, eləcə də dünyanın min ən yaxşı iqtisad universitetləri sırasına daxil olmağı qarşısına məqsəd qoyduğunu vurğulayıb: “İnanıram ki, bu vəzifələrin öhdəsindən gələcəyik. Məzunlarımız təkcə keyfiyyətli mütəxəssis kimi yox, həm də vətənini, xalqını sevən vətəndaş kimi fərqlənəcək və bu, UNEC modeli olacaq”. 

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Ə.Muradovun səsləndirdiyi təklifləri dəstəklədiyini bildirərək, ali iqtisad təhsilinin keyfiyyətinin artırılmasının Azərbaycan iqtisadiyyatının inkişafında ciddi rol oynayacağını qeyd edib. İqtisad elminin Azərbaycanın inkişaf strategiyasında əhəmiyyətindən bəhs edən akademik iqtisadçı kadrların hazırlığında yeni tədris texnologiyalarının vacibliyini qaçılmaz adlandırıb, UNEC-in bu istiqamətdə çox uğurlu layihələr həyata keçirdiyini bildirib.

Regionlarının inkişafında yeni mərhələdən bəhs edən AMEA-nın müxbir üzvü, akademik Əli Nuriyev bu sahədə əldə olunan nailiyyət və pespektivlərdən danışıb. O, milli iqtisadiyyatın inkişaf göstəricilərinin təmin olunmasında regionların inkişafı ilə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarına diqqət çəkərək, regional siyasətdə ali təhsilli iqtisadçı kadr hazırlığının əsas faktorlardan olduğunu vurğulayıb.

UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov “Heydər Əliyev: Azərbaycan ali iqtisad təhsilinin dünəni, bu günü və sabahı” mövzusunda məruzə ilə çıxış edib. Ümummilli liderin Azərbaycanın ali iqtisad təhsilinin qarşısına qoyduğu vəzifələrdən danışan prorektor, bu gün UNEC-də reallaşan bütün yeniliklərin ulu öndərin tövsiyələri əsasında həyata keçirildiyini qeyd edib.

Konfrans işini bölmələrdə “Elm, təhsil və innovasiya formatına keçid problemləri”, “Ali təhsil sistemində islahatlar və problemlər” və “Ali təhsil sistemində iqtisad elmi: yeni çağırışlar və perspektivlər” mövzuları istiqamətində davam etdirib. Alim və gənc tədqiqatçılar ali təhsil sistemində innovasiya və sahibkarlıq fəaliyyəti, beynəlxalq təcrübə və meyllər, tədrisin keyfiyyəti və əhatəliliyi problemləri mövzuları ətrafında maraqlı çıxışlar ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.