Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 13:04:00
Şamaxı Astrofizika Rəsədxanasında fasiləsiz işləyən yeni GPS stansiyası qurulub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında fasiləsiz fəaliyyət göstərən yeni GPS stansiyası qurulub. Bu, AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) müasir geodinamika və kosmik geodeziya şöbəsinin ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun Yer, Atmosfer və Planetar Elmlər departamenti ilə birgə reallaşdırdığı “Ərəbistan-Avrasiya plitələrinin toqquşma zonasında kontinental deformasiyaların aydınlaşdırılması” meqa beynəlxalq layihəsi çərçivəsində həyata keçirilib və ölkədə GPS şəbəkəsinin genişlənməsi məqsədi daşıyır.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, GGİ ilə Massaçusets Texnologiya İnstitutunun 1998-ci ildən başlanan əməkdaşlığı nəticəsində Azərbaycan GPS şəbəkəsi yaradılıb və yer səthinin üfüqi hərəkətlərinin öyrənilməsi məqsədilə monitorinqlərin aparılması davam edir. Yeni qurulmuş Şamaxı GPS stansiyası da daxil olmaqla, hazırda bu GPS şəbəkəsinə fasiləsiz olaraq fəaliyyət göstərən yeddi stansiya - Bakı, Pirşağı, Şəki, Gəncə, Neftçala, Sabirabad və Şamaxı GPS stansiyaları daxildir. Şəbəkədə 26 GPS ölçü məntəqəsi də mövcuddur ki, 1998-2018-ci illər ərzində bu müşahidə nöqtələrində 10-15 dəfə təkrar ölçü işləri həyata keçirilib.

Azərbaycan GPS şəbəkəsindən əldə olunan məlumatlar Qafqaz ərazisinin müasir geodinamik şəraitini proqnoz etməyə imkan verir. Bu şəbəkədə əldə olunan məlumatlar ABŞ Milli Elm Fondu (NSF) və Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) tərəfindən yaradılan Beynəlxalq UNAVCO məlumat bazasına online rejimdə ötürülməkdədir. Hazırda UNAVCO qurumunun məlumat bazasında dünya üzrə 3800-dən çox GPS stansiya məlumatı arxivləşdirilir.

GPS monitorinq işləri Yerin ölçülərinin və formasının təyinində, yer səthindəki deformasiyaların, qitələrin tektonik hərəkətlərinin öyrənilməsində və zəlzələ təhlükəsinin tədqiqində geniş şəkildə tətbiq edilir. Geodinamik problemləri öyrənmək üçün dünyanın Türkiyə, ABŞ, İngiltərə, Yaponiya, Rusiya, İtaliya və digər ölkələrində elmi tədqiqat işləri aparılır.

AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası “Geofizika” tədqiqat laboratoriyasının təkmilləşdirilməsi və birlikdə tədqiqatların aparılması məqsədilə gələcəkdə burada yerin qravitasiya və maqnit sahələrinin variasiyalarının ölçülməsini təmin etmək üçün qravimetrik və maqnit variasiya stansiyalarının qurulması, radiometrik, geotermik cihazların yerləşdirilməsi də planlaşdırılır.