Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-24 13:20:00
Elmin İnkişafı Fondu ilə elmi nəticələri məşhur şirkətlə kommersiyalaşdıracaq

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə dünyanın ən iri elmi informasiya, təhlil və nəşr şirkətlərindən biri olan tanınmış “Elsevier” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AzEDU.az xəbər verir ki, sənədi Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və “Elesvier” şirkətinin vitse-prezidenti Haest Feliks imzalayıblar.

Memoranduma əsasən, tərəflər birgə təlimlər, müxtəlif xarakterli tədbirlər keçirəcək, elm-texnologiya, innovasiya və sənaye/biznes arasında əlaqələrin gücləndirilməsinə, elmi nəticələrin kommersiyalaşdırılmasına, texnologiyaların transferinə yardımçı olacaq işlərin yerinə yetirilməsində səylərini birləşdirəcək, elmi ekspertiza işinin təşkili, elmi verilənlər bazasının yaradılması, sərgilərin təşkili kimi məsələlərdə əməkdaşlıq edəcəklər. Dünyanın ən iri elmi referatlar və məqalə məzmununa giriş bazası olan “SCOPUS” və aparıcı məlumat platforması sayılan “Science Direct”dən istifadə qaydaları, onların alimlər, tədqiqatçılar, tələbələr üçün üstünlükləri, bu platformalar üzərində son illər ərzində aparılan təkmilləşdirilmə və yeniliklər barədə mütəmadi olaraq məlumat veriləcək, bu elmi şəbəkədən istifadənin Azərbaycan üzrə olan göstəriciləri nümayiş etdiriləcək. Azərbaycan alimlərinin qərbdə nəşr olunan elmi jurnallara göndərilmək üçün hazırladığı məqalələrin tərtibatına kömək, “Elsevier”in məlumat bazası əsasında Azərbaycan alimlərinin elmi göstəricilərini müqayisəli şəkildə əks etdirəcək ətraflı hesabatların müntəzəm olaraq hazırlanması, həmçinin son illərdə geniş yayılmış “yırtıcı” jurnallar haqqında məlumatların yayılması da tərəflər arasında razılaşdırılıb.

İmzalanma mərasimində “Elsevier”in Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə regional direktoru xanım Aliya Ospanova da iştirak edib.

E.Babayev ölkəmizdə elmin inkişafına dövlət qayğısından danışaraq bildirib ki, alimlərimizin qarşısında Azərbaycanın regionda elm mərkəzinə çevrilməsi kimi ciddi vəzifə qoyulub. Bu vəzifənin yerinə yetirilməsində tədqiqatçı alim və mütəxəssislər üçün hər cür şərait yaradılır. EİF-in icraçı direktoru deyib: "Bunun bir yolu qrantlar verilməsidirsə, digər yolu alimlərin elmi məlumat bazalarına çıxışının təmin edilməsidir. Elmin İnkişafı Fondu bu istiqamətdə töhfəsini verməyə çalışır və dünyanın mötəbər nəşriyyatları, akademik qurumları və eyni zamanda, məlumat bazası təqdim edən xüsusi şirkətlərlə əməkdaşlıq əlaqələri qurur. Bu təşəbbüslər Azərbaycanın dünya elminə açıq olduğunu və dünya elminin uğurlarını mənimsəmək istiqamətində qəti addımlar atdığını bir daha təsdiqləyir".

H.Feliks təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib, EİF ilə əməkdaşlığın “Elsevier” şirkəti üçün əhəmiyyətini xüsusilə vurğulayıb.