https://www.zirve.edu.az/
21.04.2018 15:29
“Təfəkkür”dən Milli Qəhrəmana cavab: “Oğlunuz burada oxuyacaq, ora getməyin mənası yoxdur”

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevin oğlu Nicat Quluzadə 3-cü kursadək Təfəkkür Universitetinin  İqtisadiyyat və Nəqliyyat fakültəsində maliyyə ixtisası üzrə təhsil alıb.

Amma ali təhsil müəssisəsinin bağlanması haqda xəbər yayılandan sonra qaydaya uyğun olaraq Təhsil Nazirliyinin saytı vasitəsilə qeydiyyatdan keçib və Bakı Biznes Universitetinin Dünya iqtisadiyyatı fakültəsinə köçürülüb.

AzEDU.az saytına müraciət edən Milli Qəhrəman, oğlunun Bakı Biznes Universitetinə köçürülməsinə baxmayaraq, hələ də sənədlərini Təfəkkür Universitetindən ala bilmədiyini bildirib. Hazırda o, əmri olmasa da, köçürüldüyü ali təhsil müəssisəsinin dərslərində iştirak edir.

Məsələ ilə bağlı AzEDU.az saytına danışan Təfəkkür Universitetinin prorektoru İlham Musayev məhkəmə hələ yekunlaşmadığına görə universitetin sənəd vermə ixtiyarının olmadığını bildirib:

“Bir müddət əvvəl Veteranlar Şurasının sədri bu məsələ ilə bağlı yanıma gəlmişdi, onunla danışdıq. Vahid müəllimin özü ilə də dəfələrlə bu haqda söhbətimiz olub. Məhkəmənin qərarını gözləyirik. Məhkəmə bitmədiyinə görə  hələ ki, heç bir sənəd verilmir. Ona dedim ki, bir az gözləsinlər. Hər şey aydın olandan sonra  məsələ həll olunacaq. Yəni,  qanun nəyə yol versə, ona uyğun hərəkət edəcəyik.  Söhbət Nicatın hansı universitetin diplomunu almasından yox, köçürülməsindən gedir. Məhkəmənin qərarı var ki, onlar köçürülə bilməzlər, köçürülmə dayandırılıb. Ona görə də bu məsələ yarımçıq qalıb. Çünki məhkəmə də tam yekunlaşmayıb, bu məsələyə mahiyyəti üzrə baxılmayıb. Gərək məhkəmə yekunlaşsın ki, biz də ona uyğun hərəkət edək. Yoxsa bizim elə-belə sənəd verməyə ixtiyarımız yoxdur axı. Dövlətin qayda-qanunu var. Buna hamı riayət etməlidir”.

Prorektor məhkəmənin nə vaxt tam yekunlaşacağı ilə bağlı məlumatsız olduğunu qeyd edib:

“Mən Vahid müəllimə dedim ki, bir az səbr edin, məsələlər aydınlaşsın, biz məhkəmənin qərarına uyğun hərəkət edək. Burada bir problem yoxdur. Məhkəmənin nə vaxt yekunlaşacağını isə bilmirəm. Hələ ki, qalıb. Yəqin ki, gələn ay işə baxılar və bu məsələ yekunlaşar”.

O qeyd edib ki, həmin tələbə Bakı Biznes Universitetinin dərslərində iştirak etməməlidir:

“Nicat Quluzadənin şəxsi işi bizdə olduğuna görə Bakı Biznes Universitetinin əmr verib onu tələbə siyahısına salmağa ixtiyarı yoxdur. Nazirliyin öz qaydaları var. Həmin tələbə əslində Biznes Universitetinə dərsə getməməlidir. Çünki yalnız onun şəxsi sənədləri oraya göndəriləndən sonra tələbə kimi əmri verilə bilər. Mən Vahid müəllimə dedim ki, uşaq əvvəlki kimi Təfəkkür Universitetinin dərslərində iştirak etsin. Məhkəmə qərar verəndən sonra qanun yol versə, Bakı Biznes Universitetinə köçürülər. Əks halda isə burada oxumalı olacaq, getməyin mənası yoxdur. Təfəkkür Universitetinin digər tələbələri həmişəki qaydada dərslərdə iştirak edirlər”.

AzEDU.az bu məsələni diqqət mərkəzində saxlayacaq.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları