Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-14 07:23:53
"Dünyaya səs salacaq istedadlı şagirdlərimiz çoxdur” – Onlara lazımi dəstək niyə verilmir?

 

 Dünyanın bir çox ölkəsində xüsusi istedada malik uşaqlar üçün xüsusi məktəblər fəaliyyət göstərir. Əsasən, bir sıra paytaxt şəhərlərdə yerləşən “Dahilərin İnkişaf Mərkəzləri” bunun əyani sübutudur. Burada ideyaları və biliyi ilə fərqlənən şagirdlər kiçik yaşlardan həmyaşıdlarından ayrılaraq xüsusi proqram əsasında yetişdirilirlər. Dövlət onlara bir sıra imtiyazlar verir, özünün və ailəsinin ölkədə yaşayışını yüksək səviyyədə təmin edir. Araşdırmalar göstərir ki, bu mərkəzlərdə yetişən uşaqlar gələcəkdə dövlətə onların təhsili üçün xərclənən məbləğdən 10 qat daha artıq xeyir verirlər.

Azərbaycanda da ideyaları və xüsusi istedadı olan xeyli şagird var. Bəs, onlar üçün ölkəmizdə hansı imtiyazlar var? Və ya kiçik “dahi”lərin yetişdirilməsini təmin etmək üçün hansı addımlar atılmalıdır?

tahir.jpg

 AzEDU.az məsələylə bağlı deputat Tahir Mirkişilinin fikirlərini öyrənib. Deputatın sözlərinə görə, dünyanın inkişaf tarixi bütün dövrlərdə möhtəşəm inkişaflar və dəyişikliklər, dahilərin kəşfləri və ideyaları üzərində həyata keçirilib:

“Son zamanlar dünyada texnoloji inkişaf tempinin yüksəlməsi və dünya ticarətində informasiya mübadiləsinin payının artması ideya yaradıcısı və daşıyıcısı olan insanlara marağı artırıb. Daha kiçik yaşlardan belə insanlara olan diqqət və qayğı onların potensialı ilə bağlıdır. Çünki xalqlar və ölkələr arasında müasir və gələcək rəqabət əsasən ideya və istedad yaradıcılarına sahib olmaq uğrunda gedir. Təsadüfi deyil ki, texnoloji cəhətdən inkişaf etmiş ölkələr belə insanlara çox rahatlıqla yaşayış vizaları təqdim edir, onları yaşayış üçün hər cür şəraitlə təmin edirlər ki, xarici ölkələrdən də "dahilər" öz ölkələrinə gəlib orda yaşayıb yaratsınlar. Azərbaycanda da hər zaman istedadlı uşaqlar çox olub. Bir çoxları hətta dünyaya səs salıblar. Bu gün də o potensial yüksəkdir. Ölkəmizdə hələ 2006-cı ildə "Xüsusi istedada malik olan uşaqların (gənclərin ) yaradıcılıq potensialının inkişafı üzrə” Dövlət Proqramı qəbul edilib. İdeyaların reallaşdığı startap layihələrinin inkişafı üzrə ölkədə müxtəlif səviyyələrdə imkanlar yaradılır, qrantlar verilir. Universitetlərdə xüsusi istedadlara sahib tələbləri birləşdirlən müxtəlif qruplar mövcuddur. Yəni, əslində, dünyanın bir çox inkişaf etmiş ölkələrində bu sahədə gedən proseslər Azərbaycanda da gedir. Fərq miqyasda və əhatəlikdədir”.

Tahir Mirkişilinin sözlərinə görə, əsas diqqət ideyaların reallaşa biləcəyi mühitin yaradılmasına yönəldilməlidir:

“İdeyaların tətbiq olunduğu praktiki sahələrin, laboratoriyaların yaradılması daha səmərəlidir. Çünki artıq informasiya əldə etmək çox asanlaşıb, bunun üçün hətta bir çox hallarda xüsusi məktəblərə və kitablara da ehtiyac azalıb. Nəzəri cəhətdən yanaşmalar və dəstəklər praktiki cəhdlərlə bir-birilərini tamamlamalıdır. Bunun üçün isə Azərbaycanda elm və sahibkarlıq arasında əlaqələrin qarşılıqlı tələb əsasında daha da intensivləşməsinə ehtiyac var”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları