Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-13 13:52:30
Azərbaycan alimləri Nəsiminin məzarı haqda təzə məlumat axtarırlar

Məşhur azərbaycanlı şair İmadəddin Nəsiminin münaqişəli bölgədə yerləşən məzarı tez-tez müzakirə mövzusu olub. Şairin Suriyanın Hələb şəhərindəki məzarının aqibəti narahatlıq doğurur.

Suriyada üsyançılar və hökumət qüvvələrinin apardığı müharibə görkəmli Nəsiminin Hələb şəhərindəki məzarını da hər an dağılmaq təhlükəsilə üz-üzə qoyub.

Maraqlıdır, hazırda  Nəsiminin məzarı ilə bağlı vəziyyət necədir?

AzEDU.az xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmlər doktoru Paşa Kərimov Modern.az saytına məzarlıqla bağlı yeni məlumatın olmadığını deyib:

“Məlumdur ki,  məzarın olduğu şəhərə gedib çıxmaq zarafat məsələsi deyil. Bu baxımdan heç bir məlumatımız yoxdur. Bəlkə də kiminsə xəbəri ola bilər. Amma Azərbaycan Milli Elmlər Akademiyası işçiləri hər hansı yeni informasiyaya malik deyil. Səbəblər də bəllidir. Suriyadakı hadisələrlə əlaqədar biz heç həmin əraziyə yaxın dura  bilmərik. Hazırda da hərbi əməliyyat davam edir”.

P.Kərimov qeyd edib ki, sonuncu dəfə Suriyadakı hadisələr olmazdan qabaq orada işləyən AMEA əməkdaşları  məzarlığın vəziyyəti ilə əlaqəli xəbər verirdilər:

“Sovet dövründə akademiyanın işçiləri Nəsiminin  məzarı olduğu yerə qayğı ilə yanaşırdılar. Sonrakı dövrlərdə də əməkdaşlarımız əllərindən gələni ediblər. Amma son əhvalatlardan sonra təəssüf ki, xəbərsiz qalmışıq.

0Pasha-Kerimov11510662218.jpg

Nəsiminin məqbərəsi dağılsa da, ola bilər ki, qəbr yerində qalsın. Hərçənd Hələb şəhəri doğrudan da pis vəziyyətdədir. Bilirsiniz, bu saat həmin şəhərin bərpası uzunmüddətli proqram tələb edir. Çünki orda müasir silahlarla ciddi hərbi əməliyyat gedir. Bu baxımdan böyük ehtimal Nəsimi məqbərəsi də dağılıb”.

Direktor müavini bildirib ki, Hələb şəhəri Türkiyəyə daha yaxın olduğu üçün  türklər Nəsiminin məzarından məlumatlı ola bilərlər:

“Bilirsiniz ki, türklər də Nəsimiyə öz şairləri kimi yanaşırlar. Bütün klassik ədəbiyyatlarında türk poeziyasının ən görkəmli nümayəndəsi kimi Nəsiminin də adı var. Türkiyə heç zaman ona  qarşı laqeyd olmayıb. Buna görə türklərin də Nəsiminin qəbrinə nəzarət edəcəyinə ümid bəsləyirik. Sadəcə olaraq həmin əraziyə yaxınlaşmaq üçün imkan lazımdır”.

Qeyd edək ki, Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb. 1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda «Ədəbiyyat və incəsənət» qəzetində dərc etdirdiyi «Cahana sığmayan şairin qərib məzarı» alı məqaləsində böyük şairdən bəhs edib. Sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.