https://www.zirve.edu.az/
13.04.2018 09:27
Nəzəriyyəsi ilə dünya iqtisadiyyatını dəyişdirən, doğma şəhərində isə tanınmayan bakılı alim

AzEDU.az dünya iqtisadiyyat elminin nəhənglərindən sayılan məşhur alim, ömrünün 60 ilini Bakıda keçirən həmşəhərlimiz Henrix Altşüller barəsində yazını təqdim edir. Yazıda əsasən, türkiyəli professor Əli Kutvanın qeydlərinə və Henrixin məşhur TRIZ nəzəriyyəsinə toxunulub:

Henrix Altşüller həm şəxsiyyəti, həm də TRIZ nəzəriyyəsi ilə XX əsrin böyük alimlərindən biri sayılır. O, beş yaşında  ikən -1931-ci ildə ailəsi Bakıya köçür. Düz, 59 il -1990-cı ilə qədər- Bakıda yaşayır. İndiki Neft və Sənaye Universitetini (o zaman Sənaye İnstitutu adlanırdı) bitirir. Elmi fəaliyyətinin böyük hissəsini idarəetmə sahəsində inqilab sayılan TRIZ nəzəriyyəsinə sərf edir.

Bütün dünya innovasiya və innovasion iqtisadiyyatda onun nəzəriyyəsindən bəhrələndiyi halda, təəssüf ki, bu alim doğma şəhəri Bakıda unudulub.

Dünyanın “Rolls Roys”, “Ford”, “Deymler-Krisler”, “Boinq”, “Hevlett Packard”, “Motorola”, “General Elektrik”, “Kodak” kimi məşhur şirkətləri onun nəzəriyyəsindən çox yararlanıb.

Altşüller alim olmaqla yanaşı, ixtiraçı, mühəndis, araşdırmaçı və yazar kimi də tanınırdı. Bəzən qəzetlərdə elmi fantastik janrda olan hekayələrlə də çıxış edib.

TRIZ nəzəriyyəsinin əhəmiyyətli bir hissəsi də burada sistem nümunələrinin ortaya qoyulmasıdır. TRIZ-in ən mühüm məqsədlərindən biri yeni sistemlərin ixtira edilməsi və mövcud sistemlərin təkmilləşdirilməsi üçün alqoritmik yanaşmanın hazırlanmasıdır.

TRIZ, problem həlli naminə yeni üsullar yaratmaq üçün praktiki metodologiya, alətlər dəstləri, məlumat bazasını əhatə edir”.

30120459_1703930769644376_1908229798_n.jpg

Bakılı alim Henrix bir dəfə Xəzər dənizinin florasını öyrənmək apardığı tədqiqat zamanı TRIZ haqqında düşünməyə başlayır. Bu, 1946-cı ilə təsadüf edirdi. Daha sonra 4 il ərzində dayanmadan nəzəriyyəni inkişaf etdirir və onun paraktiki üsulla tətbiqinə nail olur. Lakin Stalin rejimi onu 25 illiyə həbs etdiyi üçün işləri yarımçıq qalır. Onun həbsinin də maraqlı səbəbi var:

Bakıda çalışan türkiyəli professor Əli Kutvan bu barədə yazır: “Henrix Stalin dövründəki SSRİ iqtisadiyyatında verilən bəzi qərarların yanlış olması, sovet iqtisadiyyatının yaradıcı yanaşmadan uzaqlaşması barəsində qəzetlərə, həmçinin, bir neçə nazirə məktub yollayır. Bu səbəbdən də həbs olunaraq, islah əmək düşərgəsinə göndərilir. Lakin Stalinin 1953-cü ildəki ölümü vəziyyəti dəyişir. Başqa sürgün olunanlar kimi o da bəraət alaraq, yenidən doğma Bakıya qayıdır”.

Altşüller Sovet rəhbərliyini 1971-ci ildə TRIZ  yaratmağa razı salır və özü TRIZ İnstitutunun prezidenti seçilir. Bu laboratoriya həmçinin, İnkubator Mərkəzi kimi fəaliyyət göstərirdi. Sonrakı illərdə SSRİ-nin bütün böyük şəhərlərində digər TRİZ institutları yaradılır.

1986-cı ildən Altşüller diqqəti  texniki TRİZ-dən uzaqlaşdırır və fərdi yaradıcılığın inkişafı metodlarını araşdırmağa başlayır. Müxtəlif məktəblərdə sınaqdan keçirilən "Uşaqlar üçün TRIZ"  versiyası hazırlanır.

1989-cu ildə TRIZ Assosiasiyası yaradılır və Altşüller təşkilatın prezidenti seçilir.

SSRİ-nin quruluşca qapalı dövlət sistem olması  bu dövrdə TRIZ kimi mühüm bir nəzəriyyənin dünyada tanınmasına maneə törətdi. Ancaq keçmiş SSRİ-dən Avropa və Amerikaya edilən  köç dalğaları, mühacir axını  Soyuq Müharibədən sonra digər ölkələrə də TRIZ-i gətirdi. Nəzəriyyəyə Qərb dünyası çox maraq göstərdi və 1995-ci ildə ABŞ-ın Boston şəhərində TRIZ Araşdırma İnstitutu yaradıldı. Daha sonra İngiltərə, Koreya, Almaniya, İsrail, Yaponiya kimi ölkələrdə geniş maraq və tətbiq dairəsinə çevrildi.

30120752_1703930822977704_882175060_n.jpg

TRIZ İnstitutu (ETRIA) Avropada ilk dəfə Almaniyada 2000-ci ildə təsis edildi”.

Hazırda dünyanın ən inkişaf etmiş ölkələrindən olan Almaniyada TRIZ İnstitutu yalnız 2000-ci ildə yaradılıb. Amma Bakıda yaradılan TRIZ İnstitutunun tarixi isə 1972-ci il idi. Yəni, bu istiqamətdə ilk elmi mərkəz  Bakıda yaradılıb. Amma təəssüf ki, həm bu elmi uğur, həm də onun müəllifini unutmuşuq. Amma bu gün başqa ölkələrdə olduğu kimi bizdə də iqtisadiyyatın, innovasiyanın inişafı üçün bu cür müəssisəyə ciddi ehtiyac var.

Professor Əli Kutvan araşdırmasında son olaraq gələcək arzusunu bu cür ifadə edir: “Son bir neçə ilimi Bakıda keçirən bir alim  kimi, burada yenidən TRİZ İnstitutunu açmaq istərdim. TRIZ təlimlərini  həm bu institutda, həm də universitetlərdə yenidən hazırlamaq, Bakıda beynəlxalq TRIZ konfransları təşkil etmək, "Altshuller Muzeyi" yaratmaq  və bu səbəbdən Altshuller və TRİZ-i Bakı şəhər markası ilə birləşdirmək istərdim”.

Elmin Nuri