Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-09 07:04:07
Universitetlərə qəbul olmaq istəyənlərin sayı kəskin azalıb - Plan yerləri boş qala bilər

“12 gündür, 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulu davam edir.

Ötən 12 gün ərzində ali məktəbə qəbul olmaq üçün 30.900 nəfərə qədər abituriyent qeydiyyatdan keçib. Bu da keçən illə müqayisədə ciddi şəkildə azalma deməkdir”.

Bunu AzEDU.az-a təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, geridə qalan 21 gün ərzində qeydiyyat keçənlər 100 faiz artsa belə bu, ötən illərə nisbətdə  kəskin azalmanın qarşısını ala  bilməyəcək: “2010-cu ildə ali məktəblərə qəbul olmaq üçün 110  min abituriyent sənəd təqdim etmişdisə, 2017-ci ildə bu rəqəm 79 min olub. Bu il isə daha da az olması qaçınılmazdır. Ali məktəblərə azı 43 min plan yeri ayrılır və qəbul imtahanlarında iştirak edənlərin 50 faizi keçid balını toplamır, bu o  deməkdir ki, universitetlərdə plan yerləri  boş qala bilər”.

kamran-əsədov-651x369.png

Ekspertin sözlərinə görə, bu azalmaya təsir göstərən üç amil var: “Qəbul imtahanları üçün tələb olunan xidmət haqqının çox olması ( 1 ixtisas qrupu üzrə 1 imtahan üçün 40 manat), elektron ərizə qəbulu prosedurunun qəliz olması (abituriyentlər kənar dəstək olmadan bunu demək olar ki, edə bilmir) və Azərbaycanda ali məktəblərin təhsil haqlarının yüksək olması (Türkiyə və digər ölkələrdə daha ucuz və keyfiyyətli təhsil daha əlçatımlıdır) ərizə qəbulunda say azalmasına təsir edən əsas amillərdir.

Bu il ilk dəfə olaraq necə deyərlər “ağ bayraq” qaldırılıb. İmtahanlar keçirilmədən öncə keçid balı 200 (bəzi ixtisaslar üzrə hətta 100 və 150) bal olan və hər hansı ixtisas qrupuna daxil olan fənlərin birindən 0 bal toplayan şagirdlər müsabiqəyə buraxılır. Düşünürəm ki, belə başlayıbsa, qəbul imtahanından sonra balı 50-dən yuxarı, və 4 fəndən 0 bal toplayanlar müsabiqəyə buraxılacaq”.

Qeyd edək ki, bu il qəbul imtahanları iki dəfə may və iyul ayında keçiriləcək.

Nəzrin Rüstəmova