https://www.zirve.edu.az/
09.04.2018 05:51
Nostrifikasiya problemi: Dələduzlar üçün rahat imkan, tələbələr üçün tələ

Xarici ölkələrdə təhsil alan gənclərin sayı getdikcə artsa da, onlar oxuyub qayıtdıqdan sonra iş tapmaqda çətinlik çəkirlər. Buna səbəb isə diplomlarının tanınmasındakı problemlərdir.

Təhsil Nazirliyi bununla bağlı imtahan keçirib, onların bilik səviyyəsini yoxlayır, amma diplomların əksəriyyəti tanınmır. Həmin gənclər neçə il əziyyət çəkib oxumaqlarına, pul xərcləməklərinə baxmayaraq, sonda təhsilsiz biri kimi qalırlar.

AzEDU.az-a açıqlama verən, adının çəkilməsini istəməyən şəxs bildirib ki, diplomların tanınmasında nazirlikdə problemlər var: “Artıq 2 ilə yaxındır ki, Təhsil Nazirliyi tərəfindən qanun layihəsi hazırlanıb, Nazirlər Kabinetinə təqdim olunub. Bu da Türkiyə, İrandakı modeldir. Bu ölkələr bir ölkədə bir neçə universiteti tanıyır. Məsələn, İran Azərbaycan Tibb Universitetini tanıyırdı, indi tanımır. Siyahı olur, birinci yüzlük, ya onluq deyirlər. Amma Azərbaycan iki ildir, bu sistemə keçə bilmir. Mikayıl Cabbarov yeni nazir təyin olunanda siyahı da hazırlanmışdı. Burada dünya üzrə 150 universitet yer alırdı. Amma bu qanun hələ də havada  qalır.

İndi dövlətlərarası müqavilə göstərilir. Əslində, indiki qanunla baxsaq, Ukrayna və ya Rusiyada təhsil alıb gələn tələbənin diplomunun nostrifikasiyasının bu proseslər üzrə getməsi qeyri-qanunidir, çünki müqavilə var. Hər iki dövlətin diplomları qarşılıqlı surətdə tanınır. Amma bizim nazirlik tələbənin biliyini yoxlayır, rus dilini bilir, ya yox. Bunlar əsassız adımlardır”.

Mütəxəssisin sözlərinə görə, Təhsil Nazirliyi bu yöndə təcili qərar qəbul etməlidir ki, 150 universiteti tanıyır. İnsanlar da bilməlidir ki, hansı universitetdə oxusa, diplom qəbul olunacaq.

Təhsil Nazirliyinin rəsmi statistikasında da neçə min tələbənin diplomunun  tanınmadığı göstərilib: “Valideyn öz boğazından kəsib, övladını 4 il Ukraynada oxutdurub. Orduda da 1 il xidmət edib. Amma nazirlik bu gün onun diplomunu tanımır. Səbəb isə göstərirlər ki, sənin bilik səviyyən buna cavab vermir. Bu zaman qanunla bu diplomların tələbələrə qaytarılması düzgün deyil. Bunları səfirliyə yığıb verməlidi. Etirazın bildirməlidir ki, məsələn bu il ərzində 1500 tələbəyə ölkəndəki universitetlər diplom verib. Onların bilik səviyyəsi aşağı səviyyədədir. Nazirlik isə sadəcə bir məktub verir ki, diplomu tanımırıq. Kim onların dediyini edirsə diplomu tanıyırlar, kiminsə imkanı yoxdursa ala bilmir. 1500 elə belə rəqəm deyil. Bunun arxasında böyük pullar yatır. Ən azından həmin dövlət öz universitetlərində bir araşdırma aparmalıdır”.

Əsmər Qabil