https://www.zirve.edu.az/
09.03.2019 17:37
Məşhur SAT imtahanlarının bilinməyən tərəfləri – Çətin şərtlər..
Çap et

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da bir çox gəncin arzusu xaricdə təhsil almaqdır. Bu, həm gənclərin dünyagörüşünün artması, həm də elm və təhsilin inkişafı baxımından ciddi əhəmiyyət kəsb edir.

Xarici ölkədə təhsil almaq üçün ən vacib məsələlərdən biri isə universitetlərin şərtlərinə cavab verməkdir.

AzEdu.az bu dəfə  SAT imtahanı haqqında zəruri məlumatları təqdim edir:

SAT (Scholastic Aptitude / Assessment Test) - Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və əcnəbi vətəndaşlardan tələb olunan imtahandır. Əlavə olaraq, digər ölkələrdə bakalavr və magistr təhsili üçün bu imtahandan istifadə edilir. Hazırda Azərbaycanlı gənclər də SAT imtahanından keçərək Türkiyənin nüfuzlu universitetlərinə qəbul oluna bilərlər.

SAT imtahanına IX, X, XI  sinifdə oxuyanlar, məktəb və ya universitet məzunları, təhsilini Amerika, eləcə də Türkiyədə davam etdirmək istəyən bütün gənclər müraciət edə bilərlər.

SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür.

SAT 1 ( “Reasoning Test”) - 3 saat 45 dəqiqə davam edən bu imtahan zamanı tələbənin riyazi və məntiqi bacarıqları yoxlanılır. SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir. Hər bir hissə isə 200-800 arası balla qiymətləndirilir. Amerika universitetlərinə qəbul olunmaq üçün bu 3 bölmənin hər birindən imtahan vermək şərtdir, lakin Türkiyə universitetləri üçün “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahandan keçmək kifayət edir, yəni “Writing” bölməsinə gərək yoxdur. Nəzərə almaq lazımdır ki, Türkiyədə orta səviyyəli bir universitetdən qəbul almaq istəyirsinizsə, qeyd edilən bölmələrdən toplam 1200 baldan yüksək yığmalısınız. 

SAT 2 “Subject Test” - 1 saat davam edən test imtahanıdır. Bu bölmədə suallar daha çox seçmə fənnlərdən təqdim edilir. İmtahanın əsas məqsədi tələbənin hansısa bir mövzuda akademik biliyini yoxlamaqdır. Burada da suallar 200-800 bal arası dəyişir.  

SAT imtahanına hazırlaşmaq üçün  ingilis diliniz  “upper-intermediate” (B2) səviyyəsində olmalıdır

Qeyd edək ki, SAT imtahanın nəticəsi 5 il müddətində keçərli hesab olunur. Türkiyədə təhsil almaq istəyən əcnəbi tələbələr üçün isə bu müddət 2 ildir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları