Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 05:36:15
"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.

Azedu.az xəbər verir ki, bir çox məsələlər barədə sualları cavablandıran prezident təhsil barədə də fikirlərini bildirib.

İ.Əlyev qeyd edib ki, Azərbaycanın dünyəvi dövlət kimi fasiləsiz uğurlu inkişafının başlıca qarantı, ilk növbədə, təhsildir:

“Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Təhsil məsələlərinə çox böyük diqqət yetirilir. Bunu demək kifayətdir ki, bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil. Müdafiənin səbəbləri aydındır. Təhsil isə məhz onun üçündür ki, Azərbaycan vətəndaşlarının gələcək nəsilləri savadlı olsun və radikalizmdən qoruna bilsinlər. İkinci mühüm amil sosial-iqtisadi inkişaf məsələsidir. Biz görürük ki, çoxsaylı sosial-iqtisadi problemlər - yoxsulluq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır, savadsız adamlar düşünürlər ki, xilas yolu elə bundan ibarətdir. Buna görə bu cür təbliğata qarşı mübarizənin mühüm amilləri, zənnimcə, təhsil üstəgəl iqtisadi və sosial inkişafdır”.

Rusiya ilə əlaqələrdən də danışan prezident sözlərinə əlavə edib ki, təhsil sahəsində də əməkdaşlıq yüksək səviyyədə davam etdirilir

“Azərbaycanda təhsilin rus dilində olduğu 300-dən çox məktəb var. Azərbaycanın dövlətə məxsus bütün ali məktəblərində rus dilində fakültə var. Nisbətən yaxın vaxtlarda Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin - Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları açılıb. Bu da bizim humanitar əməkdaşlığımızın mühüm amilidir. Demək istəyirəm ki, münasibətlərimiz tamdəyərlidir və düşünürəm ki, qonşular və dostlar arasında münasibətlər belə olmalıdır”.