Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-04 17:55:35
4 minə yaxın müəllim müharibə ilə bağlı təlimə cəlb olunub

4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA)  Modern.az-a  bildiriblər ki, bu gün ilk dəfə 2005-ci ildə BMT Baş Məclisində təsis olunub və hər il qeyd edilir. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlər tərəfindən mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina probleminə qarşı mübarizənin daim davam etdirilməsinə çağırır.

Mina təhlükəsinə dair maarifləndirmə mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla mina və müharibənin partlamamış qalıqları təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasını, onların xəbərdar edilməsini, eyni zamanda, mina və müharibənin partlamamış qalıqları ilə çirklənmiş ərazilərdə inkişaf və yenidənqurma layihələrinin həyata keçirilməsinə təminatı da nəzərdə tutur.

Belə ki, mina təhlükəsinə dair maarifləndirmə fəaliyyəti 26 rayon və şəhəri əhatə edir. Buraya, həmçinin işğal olunmuş ərazilərdən məcburi köçkün vəziyyətinə düşərək düşərgə və cəbhə bölgələrində məskunlaşmış əhali də daxildir.

2004-2005-ci tədris ilində Təhsil Nazirliyi, ANAMA və UNICEF arasında anlaşma memorandumu imzalanıb. Bu da mina təhlükəsinə dair maarifləndirmə proqramının orta məktəblərin tədris kursuna inteqrasiyasını nəzərdə tutur. Bu günədək 26 rayon və şəhərin 1200 məktəbində 3635 müəllim üçün 195 təlim baş tutub. Hər il orta məktəblərdə 55 min şagirdə mina təhlükəsinə dair maarifləndirmə dərsləri keçirilir. İndiyədək bu dərslər 710 min şagirdi əhatə edib. Bir qayda olaraq, hər il aprelin 4-də proqramın əhatə etdiyi 26 rayondakı 1200 məktəbdə minlərlə şagird və müəllim tərəfindən qeyd olunur.

Mina təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində son illərdə minadan, partlamamış hərbi sursatdan zərərçəkənlərin sayı minimuma enib.

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününü qeyd etmək məqsədilə ANAMA-nın mina təhlükəsinə dair maarifləndirmə şöbəsi tərəfindən agentliyin nəzdində çalışan bütün qrup və bölmələrin rəhbərlərinə, supervayzerlərə, regional bazaların menecerlərinə, eləcə də podratçı təşkilatların rəhbərlərinə (BAMF və “Dayaq” Azərbaycan) tədbirlər planı göndərilib.

Aprelin 4-də Ağstafa, Ağcabədi, Füzuli, Göygöl, Tərtər rayonlarında və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ANAMA-nın əməliyyatçıları tərəfindən müxtəlif formada görüşlər, brifinqlər, müzakirələr və maarifləndirmə tədbirləri keçirilib. Agentliyin əməliyyatçıları Cocuq Mərcanlının təhlükəli ərazilərinə gedən yolların girişlərində xəbərdarlıq məqsədilə bir neçə iri plakatlar yerləşdiriblər.

Ümumilikdə ANAMA tərəfindən bugünədək 518 milyon 51 min 689 kvadratmetr ərazi yoxlanılıb. 792 min 320 partlamamış hərbi sursat, piyada əleyhinə 549, tank əleyhinə 1282 mina aşkarlanaraq zərərsizləşdirilib.