Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-08 17:05:00
Xaricdəki tələbələrimizin problemləri: tapılmayan ev, bahalı yemək, məcburi kitablar

Bütün dünyada olduğu kimi, ölkəmizdə də xaricdə təhsil almaq istəyən gənclər var. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi də İngiltərə və digər yerlərdə təhsil almağı hədəf seçib.

Bəs, görəsən, xaricdə təhsil alan tələbələrinin ən çox rastlaşdığı problemlər nələrdir? 

AzEdu.az bununla bağlı  müxtəlif  ölkələrdə təhsil alan həmyerlilərimiz   arasında sorğu keçirib.

İtaliyanın LaSapienza Universitetinin tələbəsi Abdulla Həsənli:

“İtaliyada təhsil almaq tələbələrin dünyagörüşünə müsbət mənada təsir göstərir. Burada rastlaşdığım ən böyük problem budur ki, imtahana hazırlaşmaq üçün müəllimlər sualı yox, kitabları oxumağımızı tələb edir. Müəllim hansı mövzudan  sual verəcəyini bilmədiyimiz üçün bütün kitabı oxumaq məcburiyyətində qalırıq.  Əslində, kitabda olan bütün mövzuları oxumaq pis hal deyil, sadəcə, bu, daha yorucu olur. Nəticə isə sözsüz ki, effektli olur”.

Almaniyanın Hamburq Tətbiqi Elmlər Universitetində təhsil alan  Elvin Məmmədov:

“Almaniyada oxuduğum müddətdə ən çox qarşılaşdığım problem böyük şəhərlərdə çətinliklə evin tapılmağıdır. Burada  oxumaq istəyənlərə tövsiyəm budur ki,  ilk növbədə ölkənin dilini bilsinlər.  Çünki, dil biliyi olduğu zaman tələbələr daha tez iş imkanına sahib olurlar”.

 Macarıstanın Korvinus Universitetinin tələbəsi Qasım Qasımov:

“Macarıstanda oxuduğum müddət ərzində ən çox  yeməklərlə  bağlı sıxıntılarım olur.  Çünki evdən kənarda yemək yeyəndə çox pul çıxır, təbii ki, bu da tələbələrə sərf etmir. Məhz ona görə də gərək evdə özün yemək bişirəsən. Amma evdə yemək bişirməyə də nə həvəs olur, nə də vaxt...”

 Cənubi Koreyanın KAİST Universitetinin  tələbəsi Mirəli Əhmədov:

“Cənubi Koreyada təhsil aldığım müddətdə qarşılaşdığım ən çox problem universitetdə tədris edilən dərslərin çətin olmasıdır. Burada ən böyük problemlərdən biri də ünsiyyətdir. Çünki, KAİST Universitetində yerli tələbələr  çox, əcnəbilər isə azdır.  Burada tədris edilən dərslərin çətin olmasını normal qarşılayıram. Çünki, hər il  Cənubi Koreyaya ən yaxşı abituryentlər gəlir”.

Çinin Fudan Universitetinin tələbəsi Rüstəm  Ağayev:

“Çin universitetlərində təhsil alan əcnəbi tələbələrin ən böyük problemi yəqin ki, dil biliyidir. Çünki, tələbələrin çin dilini bilməməsi  ünsiyyətdə çətin problemlər yaradır. Əcnəbi tələbələrinin çətinliklərindən biri də ailədən uzaq, kənar qalmaqlarıdır”.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları