https://www.zirve.edu.az/
06.02.2019 09:07
Valideynlərin nəzərinə: Bu oyunlar uşaqlarda ağırlaşdırıcı hallara səbəb olur

“Bu gün uşaqların böyük bir hissəsi kompyuter və mobil telefonlarda olan oyunlarından asılı vəziyyətdədir. Bu isə gələcəyimiz olan uşaqların sağlamlığında böyük fəsadlar yarada biləcək”

AzEdu.az xəbər verir ki, bu barədə bizimyol.info-ya AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev (Elyar İslam) bildirib.

O, deyib ki, uşaq oyunları xalqın yaşam tərzini, həyat-məişətini, təfəkkürünü, adət-ənənəsini özündə yaşatmaqla bərabər, eyni zamanda uşaqlarda fiziki, zehni gücün artırılmasında, inkişafında, vaxtlarının səmərəli keçirilməsində böyük əhəmiyyətə malikdir: “Ancaq çox təəssüfedici haldır ki, zaman keçdikcə bu oyunlara maraq da azalır. Elmin, texnologiyanın inkişafı, kompyuterin, internetin asanlıqla əlçatanlığı az yaşlı uşaqlarda oyunlara maraq göstərməməsinə, onların uşaq oyunlarından imtinasına səbəb olmuşdur. Bu gün uşaqların böyük bir hissəsi kompyuter və mobil telefonlarda olan oyunlarından asılı vəziyyətdədir. Bu isə gələcəyimiz olan uşaqların sağlamlığında böyük fəsadlar yarada biləcəkdir. Uzun zaman bir yerə oturmaq uşağın həm fiziki cəhətdən inkişafının qarşısını alır, hərəkətsizlik boy artımından qalması, gözün zəifləməsi, qulaqcıqla dinləmələr zamanı qulaqda eşitmənin zəifləməsi, baş ağrıları, nitq qüsurları, kəkələmə, gec danışma, əqli qüsurlar və başqa ağırlaşdırıcı hallarla müşahidə olunur”.

Folklor İnstitutunun aparıcı elmi işçisi bildirib ki, canlı oyunlar uşaqlarda bir-biri ilə canlı ünsiyyət yaratmaq, doğru davranış qaydalarını aşılamaq baxımından xüsusi əhəmiyyətə malikdir: “Uşaqlar həmin oyunlar zamanı qaçır, müxtəlif hərəkətlər edir, danışır, müzakirə edir, həm zehni, həm də fiziki cəhətdən inkişafa nail olunur. Canlı ünsiyyət zamanı kəkələmə, gec dilaçma kimi nitq qüsurları aradan qalxır, müxtəlif oyunlardakı idman hərəkətləri boy artımı, bədənin fiziki inkişafını sürətləndirir. Bu baxımdan “çövkən, çiling-ağac, beşdaş, iynə-iynə, gizlənqaç, dirədöymə, bənövşə bəndə düşə, yaylıqsalma” və s. kimi unudulmaqda olan uşaq oyunlarının baxçalarda, məktəblərdə, həm də valideynlər tərəfindən təbliği böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir. Müasirlik, avropalaşmaq bizi kökümüzdən, adət-ənənəmizdən, mənəvi dəyərlərimizdən uzaqlaşdırdığı kimi uşaqlarımızı da maraqlı uşaq oyunlardan uzaqlaşdırır”.