Forbes-in məlumatına görə, Beynəlxalq Təhsil İşçiləri Assosiasiyası və Beynəlxalq Təhsil İnstitutu ("Association of International Educators", "Institute of International Education") gələn il ABŞ universitetlərinə qəbul olunan əcnəbi tələbələrin 112 000 nəfər azalacağını proqnozlaşdırır.
AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov "feysbuk" hesabında paylaşıb.
Rektor qeyd edib ki, bu, 3.4 milyard dollar gəlir itkisi və 40 000 iş yerinin itirilməsi deməkdir. Universitetlərin 63%-i əcnəbi tələbələrin sayının azalacağını və yalnız 11%-i isə artacağını gözləyir.
Böyük Britaniyada da vəziyyət oxşardır. Tələbə vizası müraciətləri iyul ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 11% azalıb. Tələbə qəbul agentlərinin dörddə üçündən çoxu tələbələrin artıq ənənəvi “Böyük Dördlük” (Böyük Britaniya, ABŞ, Avstraliya və Kanada) xaricindəki istiqamətlərə müraciət etdiyini bildirir.
Əcnəbi tələbə axınını Azərbaycana istiqamətləndirmək üçün, fikrimizcə, çox əlverişli məqamdır. Fürsətdən istifadə etmək və əcnəbilərin təhsil arzularının məhz Azərbaycanda reallaşdırılması üçün zəruri addımlar atmağın ən uyğun zamanıdır!
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!