NASA alimləri Plutonun səthində ilk dəfə maye halında azotun hərəkətinə dair sübut aşkar edildiyini açıqlayıblar.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, nəticələr NASA-nın New Horizons missiyasının topladığı məlumatların yeni təhlili əsasında əldə olunub.
Tədqiqatçılar Plutonun "Sputnik Planitia" adlanan buzla örtülü bölgəsində maye azotun səthə çataraq axdığına dair izlər müəyyən ediblər.
Alimlərin fikrincə, bu, Plutonun geoloji baxımdan düşündüyümüzdən daha aktiv olduğunu göstərir. Araşdırmaya əsasən, qalın azot buzlaqlarının altında təzyiq nəticəsində maye azot əmələ gəlir və çatlar vasitəsilə səthə çıxaraq qısa müddət ərzində axır.
Mütəxəssislər bildirirlər ki, söhbət sudan deyil, Plutonun həddindən artıq aşağı temperaturunda maye halına keçə bilən azotdan gedir. Bu kəşf Günəş sisteminin uzaq bölgələrində yerləşən buzlu göy cisimlərinin formalaşması və təkamülü haqqında yeni məlumatlar əldə etməyə imkan verə bilər.
Qeyd edək ki, New Horizons kosmik aparatı 2015-ci ildə Plutonun yaxınlığından keçərək cırtdan planetin indiyədək əldə olunan ən ətraflı görüntülərini və məlumatlarını Yerə göndərmişdi. Alimlər yeni nəticələri həmin məlumatların təkrar təhlili zamanı əldə ediblər.