Azedu.az

Uşaq məktəbə necə hazırlanmalıdır? - Psixoloqdan vacib TÖVSİYƏLƏR 

Məktəbəqədər təhsil

7 Avqust 2026, 09:03
Uşaq məktəbə necə hazırlanmalıdır? - Psixoloqdan vacib TÖVSİYƏLƏR 

Bəzi uşaqlar var ki, onlar indiyə qədər bağçaya getməyiblər və bu il ilk dəfə məktəhazırlıq qruplarında təhsil almağa başlayacaqlar. Bu da onların valideynlərindən ilk ayrılığı olacaq.

Uşaqların bu ayrılıq prosesində çətinlik çəkməməsi üçün valideynlər öncədən nə etməlidirlər?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən psixoloq Vəfa Rəşidova qeyd edib ki, uşaq məktəbə getmək haqqında əvvəlcədən məlumatlandırılmalıdır:

187686

"Valideynlər imkan daxilində uşaqlarını bağçaya göndərməyə çalışmalıdırlar. Çünki bağçaya gedən uşaq cəmiyyətə daha tez uyğunlaşır və adaptasiya prosesini daha rahat keçirir.

Bağça imkanı olmadıqda isə valideyn uşağı düzgün istiqamətləndirməli, ona "mənsiz qala bilməzsən" mesajını verməməlidir. Eyni zamanda, uşaq məktəbə getməzdən əvvəl bu mühit haqqında məlumatlandırılmalıdır. Məktəb ona həddindən artıq ciddi bir yer kimi deyil, yeni dostlar qazanacağı, oynayacağı və müəyyən müddətdən sonra valideyninin onu yenidən götürməyə gələcəyi maraqlı bir mühit kimi təqdim edilməlidir. Belə bir güvən hissi ilə böyüyən uşaq məktəbə qarşı nə qorxu, nə də aqressiya hiss edər.

Təəssüf ki, bir çox valideyn bu məqamları nəzərə almır. Onlar məktəbi həddindən artıq ciddi bir mühit kimi təsvir edir, müəllimi isə təzyiq vasitəsinə çevirirlər. Belə olduqda uşaq məsuliyyət adı altında psixoloji gərginlik yaşayır. Nəticədə məktəbin ilk günlərindən ağlayır, narahatlıq keçirir və yeni mühitə uyğunlaşmaqda çətinlik çəkir. Bunun qarşısını almaq üçün valideynlər əvvəlcədən uşaqları ilə söhbət etməli, məktəbi dostluq, oyun və öyrənmə mühiti kimi təqdim etməlidirlər.

Uşağın məktəbin ilk günlərində valideynindən ayrılarkən çətinlik çəkməməsi üçün onu mərhələli şəkildə ayrılığa alışdırmaq da faydalıdır. Məsələn, əvvəlcə uşağı nənəsinin və ya xalasıgilin yanında yarım saat, daha sonra bir saat saxlamaq və mütləq vəd edilən vaxtda geri qayıtmaq lazımdır. Uşaq əmin olmalıdır ki, valideyni onu müvəqqəti qoyub və dediyi vaxtda geri gələcək. Bu üsul onda güvən hissini gücləndirir və valideyndən ayrı qalmağı daha asan qəbul etməsinə kömək edir".

TƏCİLİ! İranda əməliyyatlar başladı - Dəhşətli partlayış səsləri
Son xəbərlərDaha çox