Mədəniyyət Nazirliyi sistemində incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçiriləcək.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi avqustun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə işə qəbul imtahanı keçirəcək.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. İştirakçılar “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak etmək üçün 1350 namizəd (121 nəfər direktor, direktor müavini, 1229 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib.