"Bakıda dövlət özəl bağçalarda təhsil haqqı üçün maksimum 350 manat maliyyə dəstəyi ayıracaq. Qalan məbləği isə valideyn ödəməlidir".
AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu “Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulunun başlaması” ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, valideyn dövlət tərəfindən ayrılan dəstəyin həcmi ilə razılaşmadığı halda müqaviləyə xitam verilə bilər.
"Əgər valideyn bilsə ki, Bakı şəhərində dövlət tərəfindən ayrılan dəstək 350 manatdır və qalan məbləği özü ödəməlidir, bu şərtlərlə razılaşarsa, əməkdaşlıq davam edəcək. Razılaşmadığı halda isə müqaviləyə xitam veriləcək.
Bununla yanaşı, qiymətləndirmə meyarlarında maliyyə səmərəliliyinə xüsusi önəm verilib. Belə ki, 100 ballıq qiymətləndirmə sistemində bu meyar 50 balla qiymətləndirilir. Məqsəd özəl bağçaların həddindən artıq yüksək təhsil haqqı müəyyən etməsinin qarşısını almaqdır".